Amerika Birləşmiş Ştatlarının Dominik Universitetinin dəvəti ilə təcrübə mübadiləsi proqramı çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Ceyran Rəhmətullayeva, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, dosent Sədaqət Əliyeva, Azərbaycan Sosial İş İctimai Birliyinin nümayəndələri bu ölkədə səfərdədir.
Dövlət komitəsindən bildiriblər ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Dominik Universitetinin prezidenti, professor Donna Karoll ilə görüşüblər. C.Rəhmətullayeva Dominik Universitetinin sosial iş üzrə magistratura pilləsinin tələbələri üçün mühazirə oxuyub. Mühazirədə Azərbaycanda qadın hərəkatı, XX əsrin əvvəllərində xeyriyyə cəmiyyətlərinin rolu və ilkin sosial fəaliyyətlərin başlanması və müasir dövrdə sosial siyasət, həyata keçirilən layihə və dövlət proqramları barədə məlumat verilib. Məruzəçi Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələri və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədə fəaliyyətini xüsusi vurğulayıb.
Proqram çərçivəsində İllinois ştatının digər universitetlərində görüş və mühazirələrin keçirilməsi planlaşdırılır. Nümayəndə heyəti ailə məsələləri üzrə illik konfransda da iştirak edəcək.