Xüsusi istedadı, yaradıcılıq qabiliyyəti olan fiziki qüsurlu insanlarla görüş

İyulun 26-da “Park İnn” mehmanxanasında Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz (MEMM) tərəfindən xüsusi istedadı, yaradıcılıq qabiliyyətləri olan fiziki qüsurlu insanlarla “Hər şeyə rəğmən” adlı müzakirə xarakterli görüş təşkil olunub.

Görüşün keçirilməsində məqsəd əlilliyi olan şəxslərin digərlərindən fərqləndirilməməsi, onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. 

Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək vurğulayıb ki, xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətin bərabərhüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək, komplekslərdən qurtulmalarına çalışmaq hər birimizin borcudur. Bunun üçün mütəmadi olaraq bu insanlarla ünsiyyətdə olmağa, mənəvi cəhətdən yardım göstərməyə, onları dinləməyə və anlamağa çalışmaq lazımdır.

Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, əlilliyi olan insanlarla çalışan təşkilatların təmsilçiləri iştirak ediblər.

Əlilliyi olan vətəndaşların məşğulluq imkanlarına yiyələnmələrinə daha geniş şərait yaradılması, bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi, sağlamlıq imkanları məhdud şəxslərin mədəniyyət sahəsində fəaliyyətinə dair müzakirələr aparılıb.