Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizin Malayziyadakı səfirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində “The Globalist” jurnalının xüsusi buraxılışı nəşr edilib. Nəşrdə Azərbaycanın dövlətçilik tarixi və müasir iqtisadi inkişafına dair məlumatlar geniş şəkildə işıqlandırılıb.

Jurnalın xüsusi buraxılışı Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycanda “Cümhuriyyət ili” elan edilməsi haqqında  sərəncamı ilə başlayır. Nəşrdə Azərbaycanla bağlı ümumi məlumatlar, ölkəmizin xarici siyasi prioritetləri, iqtisadiyyatı, müasir infrastrukturu, tariximizin müxtəlif mərhələləri, mədəni irsimizə dair məlumatlar yer alıb.

Dərc olunan məqalələrdə Azərbaycan Xalq Cümhuriyyətinin bütün Şərqdə, türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olması və xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoyması diqqətə çatdırılıb. Həmçinin qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaradıb, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlayıb. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi qəbul edilib, Azərbaycan dili dövlət dili elan edilib və dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib.

Jurnalda Azərbaycan-Malayziya əlaqələrinə dair ayrıca bölmə də verilib. Burada iki ölkə arasında mövcud dostluq və əməkdaşlıq münasibətləri, həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər və ikitərəfli əlaqələrin perspektivlərinə dair məlumatlar əksini tapıb.