Sentyabrın 13-dən 16-dək Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti – Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Tarix İnstitutundan bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq keçiriləcək konfrans Bakının daşnak-bolşevik işğalından azad olunmasının 100 illiyinə həsr edilib.
Konfransda Azərbaycan, Türkiyə və dünyanın digər ölkələrindən alimlərin 100-dək məruzəsinin dinlənilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan və türk hərbi qüvvələri 1918-ci ildə daşnak-bolşevik qoşunlarına qarşı birgə savaşıb. Sentyabrın 15-də Nuru paşa və general Əliağa Şıxlinskinin komandanlıq etdikləri birləşmiş qüvvələr paytaxta daxil olub. İki gün sonra Cümhuriyyət hökuməti Gəncədən Bakıya köçüb.