Milli kino salnaməsini vərəqlədikcə bir-birindən maraqlı, yaddaqalan, eyni zamanda rejissor peşəkarlığı, aktyor sənətkarlığı ilə səciyyələnən xeyli ekran əsərinin olduğunu görürük. Azərbaycan kinosunun 120 yaşının qeyd edildiyi bir zamanda on illərdir tamaşaçıların sevə-sevə izlədiyi filmlərimizi xatırlayırıq. Bu dəfə 50 yaşlı “Mən ki gözəl deyildim” bədii filmindən söz açacağıq.

Ekran əsəri 1968-ci ildə yazıçı Bayram Bayramovun eyniadlı povesti əsasında çəkilib. Quruluşçu rejissorları Tofiq Tağızadə, Ağarza Quliyev, Ramiz Əsgərov, operatoru Aleksey Polkanov, rəssamı Kamil Nəcəfzadə, bəstəkarı Fikrət Əmirovdur. Filmin ssenarisini Bayram Bayramov, Ağarza Quliyev və İqor Strekov birgə yazıblar.

Kinolentdə unudulmaz aktyorlar İsmayıl Osmanlı, Eldar Əliyev, Sadıq Hüseynov, Ələddin Abbasov, Rza Əfqanlı, Şahmar Ələkbərov, Sədayə Mustafayeva və başqaları rol alıb.

 

Hamı üçün yaşamaq istəyi

 

Filmdə hadisələr Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycanın dağ kəndlərinin birində cərəyan edir. Uşaq ikən anasını itirən, atasını cəbhəyə yola salan gənc qız Səidənin taleyi ekran əsərinin mərkəzində durur. Filmin yaradıcıları əsas diqqəti qəhrəmanı əhatə edən mühitlə ayrılmaz surətdə bağlı olan düşüncələrinin açılıb göstərilməsinə yönəldiblər. Film mesaj verir ki, insanlar arasında əlaqə və anlaşma olmalı, bir-birinə qarşı biganəlik göstərilməməlidir. İnsana təkcə özü üçün deyil, hər şeydən əvvəl başqaları üçün yaşamağı da bacarmaq, fayda vermək, insanlara sevinc gətirmək kimi hislər aşılanır.

Səidənin atası cəbhədən göndərdiyi son məktubunda qızına yer üzünün hər yerində uzanan və ayrı-ayrı adamları, bütövlükdə bəşəriyyəti birləşdirən cığırlardan söz açır. Film boyu gənc qəhrəmanın qarşısına qoyduğu məqsədə çatmaq üçün atdığı addımların onun mənəvi aləminin zənginləşməsinə, cəmiyyətə yararlı insan kimi formalaşmasına həlledici təsir göstərdiyinin şahidi oluruq.

Ekran əsərini bütövlükdə rejissorun müharibə haqqında düşüncələri adlandırmaq olar və bu düşüncələrin real obrazları var. Gənclikləri müharibənin amansız qanunları məngənəsində boğulan Səidələrin, Məzahirlərin obrazları çox inandırıcı boyalarla təqdim olunur. Hansı məqamda olursa-olsun, insan yaşamağa can atır. Rejissor filmdə zamanın obrazını yaradıb, zaman və insan taleyinin harmoniyasına nail olub.

Filmdə baş qəhrəmanı canlandıran Xalq artisti Xuraman Qasımova Azərbaycan musiqi sənətində əvəzsiz simalardandır. O, ilk dəfə yazıçı Həsən Seyidbəylinin “Xidmət lifti” hekayəsinin motivləri əsasında çəkilmiş “Liftçi qız” qısametrajlı filmində Lalə obrazını yaratmışdı. Filmdə gənc qızın taleyindən, ilk kövrək addımlarından, tədricən öz qüvvəsinə inanaraq həyatda düzgün yol tapmasından danışılır. “Mən ki gözəl deyildim” filmində Səidə rolunu məharətlə oynayan Xuraman Qasımova böyük tamaşaçı məhəbbəti qazanır.

Film müharibə mövzusunda çəkilən ən yaxşı ekran əsərləri sırasına daxil edilib. 1969-cu ildə Kiyevdə keçirilən kinofestivalda mükafat qazanan ekran əsərində Xuraman Qasımova “Qadın rolunun ən yaxşı ifası”na görə birinci yerə layiq görülüb...

 

Nikbin xarakterli Məzahir

 

Bu il 75 illiyi qeyd edilən mərhum sənətkar, görkəmli kinoaktyor, Xalq artisti Şahmar Ələkbərovun yaradıcılığında Məzahir obrazının özünəməxsus yeri var. “Mən ki gözəl deyildim” filminin qəhrəmanı, sadə, səmimi gənc Məzahirin obrazı elə bil aktyorun xarakterinə biçilmişdi. O, heç bir improvizəyə yol vermədən bu sadə sürücünün bütün daxili dünyasını, ətrafdakılara münasibətini çox canlı ştrixlərlə tamaşaçılara çatdırır. Müharibənin ağır günlərində baş verən hadisələri əks etdirən bu lirik-dramatik filmin qəhrəmanları arasında nikbin xarakteri ilə seçilən Məzahir kinomuzda yeni bir obraz idi. Sürücü oğlanın nikbin ruhu filmin faciəvi yükünü xeyli azaldır. O, həmişə gülür, zarafat edir, sanki insanların qəlbinə çökmüş müharibə ağrılarını dəf etmək istəyir. Məzahirin sevgisində də bir səmimiyyət var.

 

Filmin çəkilişində faciə

 

“Mən ki gözəl deyildim” filmi kino tariximizdə həm də kədərli tarixi ilə yadda qalıb. Çəkiliş prosesində böyük faciə yaşanıb. Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov həmin hadisəni müsahibələrinin birində belə xatırlayır: “Kinoda bəzən hadisələrin gedişatına proqnoz vermək olmur. “Mən ki gözəl deyildim” filminin çəkilişində mən ikinci rejissor, Rasim Ocaqov operator idi. Çəkilişlər Lənkəranda gedirdi. Filmdə Dneprin alınması səhnəsi lentə alınanda çaya iki qayıq buraxıldı. Birində aktyorlar idi, digərində çəkilişin texniki heyəti. Partlayış səhnəsində zabitin səhlənkarlığındanmı, yoxsa ehtiyatsızlığındanmı, həqiqi partlayış baş verdi. Faciə çox böyük idi, o hadisənin təsirindən uzun müddət çıxa bilmədik. Çox istedadlı cavan rejissorumuz Ramiz Əliyevi, Arif adlı operatoru və daha iki kino işçisini itirdik. Bizə döyüş səhnələrində kömək edən rus əsilli polkovnikin ayaqlarını kəsdilər. Rasim Ocaqov operator kimi filmdən imtina etdi, sonradan başqa tərkib cəlb olundu və filmi rəhmətlik Tofiq Tağızadə başa çatdırdı”.

Rejissor Rasim Ocaqovun xatirələrində isə oxuyuruq: “1967-ci ildə “Mən ki gözəl deyildim” filminin birinci yaradıcı heyəti ilə Lənkəranda faciəli hadisə baş verdi. Orda müharibə vaxtı bizim əsgərlər qayıqla üzür və ətrafda partlayışlar baş verməli idi. Birinci çəkiliş ərəfəsində biz pirotexniklərlə döyüşün təfsilatını, qamışlar arasından keçib gedəcək desant qayıqları arasındakı altı partlayışın hündürlüyünü, ölçülərini götür-qoy etdik. Budur, Port-İliç körfəzi, 21 iyul 1967-ci il. Səhər indi açılıb. Çəkiliş qrupu xüsusi hərbi sal üzərində öz yerini tutur. Aktyorların mindiyi qayıqlar görünür. Pirotexniklərə işarə verilir: “Çəkiliş başladı. Birinci kadr. Birinci dubl”. Birinci, üçüncü... beşinci partlayış - hər şey əladır. Altıncı! Ayaqlarımızın altında nəsə guppuldayır və tam sakitlik çökür. Özümə gələndə dəhşətli mənzərə gördüm. Hər şey tüstü içində idi. Birdən sükutu vahiməli bağırtılar pozdu. Xaos. Çaxnaşma. Kimsə kömək etməyə çalışır. Desantlar qayıqda avar çəkirlər. Onlara, deyəsən, heç nə olmayıb, təkcə aktyor Ələddin Abbasovun əlindən qan axırdı. Bizi vertolyotlarda apardılar. Dörd nəfər həlak oldu. Dörd nəfər yaralandı. Sonralar məlum oldu ki, pirotexnik partlayıcı qurğunu səhv salıb, üstünə mindiyimiz saldakı qurğunu partladıb...”.

* * *

“Mən ki gözəl deyildim” filmi Azərbaycanın bir neçə dilbər guşəsində lentə alınıb. Çəkiliş prosesindən 50 il keçməsinə baxmayaraq, Daşkəsən rayonunun Bayan kəndində Səidəgilin evində hələ də yaşayış var. Kəndin görkəmi də bir o qədər dəyişməyib.

Evin sakini Ramazan Hüseynov buranı təsadüfən aldığını söyləyir. Bu film müharibə illərinin kino salnaməsinin bir səhifəsi olmaqla bərabər Bayan kəndinin də adını tarixə yazıb.

Lalə AZƏRİ