Elmi əməkdaşlıq və media sahəsində işbirliyinə dair sənədlər imzalanıb
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Udmurtiya Respublikasına səfər edib.
Heyətdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu və AMEA vitse-prezidentinin köməkçisi Ağahüseyn Şükürov yer alıb.
Səfər zamanı iyulun 27-də nümayəndə heyətinin Udmurtiya Dövlət Şurasının (parlament) üzvləri ilə görüşü olub. Parlament sədrinin birinci müavini Vladimir Nevostruyev qeyd edib ki, Udmurtiya ilə Azərbaycanı qarşılıqlı hörmətə, əməkdaşlığa və dostluğa əsaslanan uzunmüddətli güclü tərəfdaşlıq əlaqələri birləşdirir.
Nümayəndə heyətinin üzvləri Udmurtiyada Azərbaycan mədəniyyətinin dəstəklənməsi və inkişafı, milli məsələlərin həllinə diqqət ayırdığı üçün Dövlət Şurasının deputatlarına minnətdarlıqlarını ifadə ediblər.
* * *
Səfər çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası ilə Rusiya Elmlər Akademiyası Ural Şöbəsinin Federal Araşdırmalar Mərkəzi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və Rusiya EA Ural Şöbəsinin Udmurtiya Federal Araşdırmalar Mərkəzinin direktoru Aleksey Borisoviç Seminihin imzalayıblar.
Sənəddə birgə tədqiqat proqramlarının, layihələrin, elmi məlumatların, ədəbiyyat və biblioqrafik nəşrlərin mübadiləsinin həyata keçirilməsi, konfrans, seminar, simpozium və digər tədbirlərin təşkili kimi məsələlər əksini tapıb.
* * *
Səfər zamanı Azərbaycan Mətbuat Şurası (MŞ) ilə Rusiya Federasiyasının Udmurtiya Respublikasının Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb.
Memorandumda birgə konfransların və qarşılıqlı səfərlərin təşkili, jurnalistika sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, eyni zamanda media ilə bağlı kitabların nəşri nəzərdə tutulub.
MŞ sədri Ə.Amaşov bildirib ki, mətbuat xalqların bir-birinə yaxınlaşmasında, dostluq ənənələrinin təbliğində mühüm vasitədir və memorandum bu baxımdan əhəmiyyət daşıyır.
Udmurtiya Jurnalistlər İttifaqının sədri Yelena Kapitonenko, Udmurtiyanın Mətbuat və Kütləvi Kommunikasiya Agentliyinin rəhbəri vəzifəsini icra edən Nazilə Abaşeva da sənədin gələcək əməkdaşlıq üçün önəmini vurğulayıblar.
* * *
Azərbaycan nümayəndə heyəti bir sıra tarixi-mədəni məkanları da ziyarət edib, məşhur “Buranovskiye babuşki” muzeyində olub, burada xalq çalğı alətləri kolleksiyası, müxtəlif əşyalar və “Buranovskiye babuşki” folklor-musiqi kollektivinin qazandığı mükafatlara baxıblar.
Musiqi kollektivi qonaqlar üçün mahnılar ifa edib. Udmurt dilində ifa olunan Müslüm Maqomayevin “Azərbaycan” mahnısı qonaqların qəlbini fəth edib. “Buranovskiye babuşki”nin rəhbəri Olqa Tuktareva qeyd edib ki, bu mahnını onlar Azərbaycan xalqına minnətdarlıq əlaməti olaraq ifa ediblər.
* * *
Qeyd edək ki, səfər Beynəlxalq Avrasiya Mətbuat Fondu və “Dostluq” Udmurtiya- Azərbaycan İctimai Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılıb.