Aprel şəhidi gizir Ravil Novruzov haqqında filmin təqdimatı

2016-cı il Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Ravil Novruzovun həyat və döyüş yolundan bəhs edən filmin təqdimatı keçirilib. İyulun 27-də Quba “ASAN Xidmət” mərkəzində təşkil olunan mərasimdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, rayon İcra Hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Filmin çəkilişləri şəhidin doğulub boya-başa çatdığı Xızı rayonunda həyata keçirilib. Şəhid Ravil Novruzovun obrazını gənc aktyor Rəşad Əliyarov canlandırıb.

Tədbirdə çıxış edənlər R.Novruzovun vətənpərvər övlad olmasından, doğma vətənə sevgisindən danışıblar, onun qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğu bildirilib.

Çıxışlarda ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən, həmçinin 2016-cı il Aprel döyüşlərində Milli Ordumuzun qazandığı uğurlardan danışılıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəsi Şurasının maliyyə dəstəyi ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyinin layihəsi çərçivəsində ərsəyə gələn filmin rejissoru Dəyanət Rzayev, prodüseri Vəli Turan, ssenari müəllifi Coşqun Beydullayev, quruluşçu operatoru Elmar Nəbiyevdir.

“Gerçək olan arzu” adlı film həmçinin iyulun 30-da “ARB Günəş” televiziyasında yayımlanıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olan gizir Ravil Novruzov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görülüb.