Avqustun 2-də ölkəmizdə kino işçilərinin peşə bayramı – Azərbaycan kinosu günü qeyd olundu. Bu əlamətdar gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli fərmanı ilə təsis olunub. Bu il mədəniyyət tariximizin əlamətdar günü həm də Azərbaycan kinosunun 120 illik yubileyinə təsadüf edir.

Azərbaycan kinosu günü münasibətilə Mədəniyyət Nazirliyinin rəsmiləri, görkəmli kino xadimləri Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Dahi rəhbərin məzarı önünə əklil qoyuldu, xatirəsi ehtiramla yad edildi.

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olundu, abidəsi önünə tər çiçəklər düzüldü.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyətin inkişafına böyük qayğı göstərib. Ümummilli liderin respublikaya rəhbərliyə başladığı 1969-cu ildən Azərbaycan kinosu yeni inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin səyləri nəticəsində 70-ci illərdən başlayaraq Bakıda ümumittifaq kinofestivallarının, televiziya filmləri festivallarının keçirilməsi ənənəsi yaranıb. Onun təşəbbüsü ilə “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində addımlar atılıb.

80-ci illərin sonu və müstəqilliyimizin ilk illəri respublika həyatının, eləcə də mədəniyyətin digər sahələrində olduğu kimi, kino sənətində də çətin dövr oldu. Böyük öndərin hakimiyyətə gəlişi ilə mədəniyyətə, həmçinin kinoya diqqət artdı, bu sahəyə dövlət vəsaitinin ayrılması bərpa olundu. Sonrakı illərdə dövlətin dəstəyi ilə kinematoqrafiya dirçəlməyə başladı.

Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində fəaliyyət göstərən insanlara qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısının 31 yanvar 2018-ci il tarixində imzaladığı sərəncama əsasən, Azərbaycan kinosunun 120 illiyi ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur. Milli kinonun 120 illik yubileyi bu sahədə çalışan və Prezidentin 1 avqustda imzaladığı sərəncamlarla təltif olunan bir qrup kino xadimi üçün ikiqat bayramdır.

LALƏ