Bakı Yunus Əmrə İnstitutu və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Şanlıurfa və Battalqazidən Qarabağa könül körpüsü” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Türkiyənin Şanlı Urfa Böyükşəhər Bələdiyyəsinin başçısı Nihat Çiftçi Türkiyə-Azərbaycan əlaqələrindən, ölkələrimizin birgə həyata keçirdiyi layihələrdən söz açıb.

Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva bu görüşü qardaşlığın və doğmalığın təntənəsi adlandırıb.

“Azərbaycan və Türkiyə qardaşlığı atılan hər addımda, ərsəyə gələn bütün işlərdə özünü göstərməlidir. Hər bir türk övladı həm də qarabağlıdır. Siz nə qədər qarabağlı olarsınız səsimizi dünyaya o qədər çox çatdıra bilərik”, - deyə o bildirib.

Tədbirdə Malatyanın Battalqazi Bələdiyyəsinin başçısı Səlahəddin Gürkan, Bakı Yunus Əmrə İnstitutunun mədəniyyət işləri üzrə koordinatoru Nuranə Tağıyeva və başqaları Azərbaycan-Türkiyə qardaşlığının ədəbiyyatımızda, mədəniyyətimizdə, mənəviyyatımızda, bütünlükdə həyatımızda geniş əksini tapdığını bildiriblər.