Milli kino günü və əlamətdar yubiley təntənəli mərasimlə qeyd olundu

Avqustun 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Milli kino günü və Azərbaycan kinosunun yaranmasının 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi.

Əvvəlcə il ərzində milli kino sənətində baş verən yeniliklər, layihələr, paytaxtda və regionlarda keçirilən film təqdimatlarından bəhs edən videoçarx nümayiş olundu.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev peşə bayramları münasibətilə kino işçilərini təbrik etdi. Nazir diqqətə çatdırdı ki, ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə təsis edilən bu əlamətdar gün 18 ildir təntənə ilə qeyd olunur.

Vurğulandı ki, yaranmasının 120-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin inkişaf yolu keçərək xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. Əbülfəs Qarayev Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamı xatırladaraq bildirdi ki, yubiley çərçivəsində müxtəlif tədbirlər keçirilir.

Nazir son illərdə Azərbaycan kinosunun keçdiyi inkişaf yoluna nəzər saldı. Bildirdi ki, bu sahədə hansı nailiyyətlərin qazanıldığını, hansı nəticələrin əldə olunduğunu rəqəmləri nəzərdən keçirməklə müəyyən etmək olar: “Dövlətimizin başçısının müvafiq sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsindən keçən müddət ərzində Azərbaycanda 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 dəfə iştirak edərək 49 mükafat qazanıb”.

Azərbaycan kinosu ilə bağlı icra olunan dövlət proqramının  müddətinin bu il sona çatacağını söyləyən nazir dedi ki, bu proqramda bəzi bəndlər icra olunmamış qalıb. Ona görə də bu işin məntiqi davamı kimi nazirlikdə kino mütəxəssisləri ilə birlikdə geniş fikir mübadiləsi aparılıb. Kino sahəsinin inkişafına dair yeni konseptual proqram hazırlanıb: “Azərbaycan kinosunun yeni şəraitdə fəaliyyətinin təkmilləşdirilməsi, gənc nəslin bu sahəyə cəlb olması, eləcə də beynəlxalq səviyyəyə çıxmaq üçün tutarlı proqram işlənilib. Bununla Azərbaycan kinosunun qarşıdakı illərdə də inkişafı təmin olunacaq”.

Bildirildi ki, son illərdə ölkəmizdə formalaşan müasir özəl studiyalar da bu sənətin inkişafına öz töhfələrini verməkdədir.

Nazir     qeyd etdi ki, peşə bayramı kino xadimləri üçün əlamətdar hadisələrlə zənginləşib. Ölkə başçısı avqustun 1-də Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların, fərdi təqaüdlərin, orden və medalların verilməsi haqqında sərəncamlar imzalayıb. Ölkə başçısının sərəncamlarını diqqətə çatdıran nazir kino xadimləri adından ölkə başçısına minnətdarlığını bildirdi. Vurğuladı ki, ümummilli liderin vaxtilə mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Əbülfəs Qarayev sonda bir daha kino ictimaiyyətini təbrik edərək, bu sahədə çalışan hər kəsə gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.

Daha sonra mükafatlar təqdim olundu.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova rəhbərlik etdiyi qurum tərəfindən bu il yubileyləri olan kino xadimlərinə, həmçinin veteran sənətkarlara Kino günü ərəfəsində pul mükafatlarının verildiyini diqqətə çatdırdı. O, Azərbaycan kinosuna verdiyi töhfələrə görə Xalq artisti, kinorejissor Oqtay Mirqasımova ittifaq tərəfindən təsis edilən “Milli kino mükafatı”nı təqdim etdi.

Həmçinin kino sahəsində çalışan bir qrup şəxsə Mədəniyyət Nazirliyinin fəxri fərmanları verildi.

Sonra tanınmış müğənnilərin ifasında Azərbaycan kinoları üçün yazılmış mahnılar səsləndirildi.

Bu il də kino işçilərinin peşə bayramı yeni ekran əsərinin premyerası ilə yadda qaldı.

Mərasimdə rejissor Yavər Rzayevin milli kinomuzun tarixi və keçdiyi zəngin inkişaf yolundan bəhs edən “Biri var idi, biri yox idi” sənədli filmi nümayiş olundu.

Fariz HÜSEYNOV