Azərbaycan Milli Kitabxanasında “1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür” adlı tədbir keçirilib.
Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova 2001-ci ildə ümummilli lider Heydər Əliyevin latın qrafikalı əlifbaya keçidin ölkəmizin həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” müvafiq fərman imzaladığını diqqətə çatdırıb.
Direktor müavini qeyd edib ki, ana dilimiz milli müstəqilliyin, suverenliyin, Azərbaycan ideologiyasının əsaslarından biridir. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş təhriflər bu gün aradan qaldırılıb, Azərbaycan dili böyük inkişaf yolu keçərək bugünkü səviyyəyə gəlib çatıb.
Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl strategiyasını sübut edən qanunvericilik aktlarıdır.
Kitabxanaşünaslıq elmi tədqiqat şöbəsinin müdiri Aygün Hacıyeva deyib ki, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Həsən bəy Zərdabi və başqa mütəfəkkirlərimiz bu dildə ölməz əsərlər yaradaraq, dilimizin inkişafına və təkmilləşməsinə təkan veriblər.
Sonda iştirakçılar geniş kitab sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycan, rus və digər dillərdə Azərbaycan dilinin tarixindən, dövlətimiz tərəfindən dilimizə göstərilən qayğıdan bəhs edən kitablar və dövri mətbuat materialları nümayiş olunur.