Jurnalistika həssas sahədir. Bu məkanda ideya və prinsiplərinə sadiqlik daha çətindir. Fəxr edə bilərik ki, sıralarımızda mətin keyfiyyətlərin daşıyıcısına çevrilmiş dəyər sahiblərimiz var.
Bu sözlər Azərbaycan Mətbuat Şurasının tanınmış qələm sahibi, Əməkdar jurnalist Dağbəyi İsmayılovun 70 illik yubileyi münasibətilə yaydığı təbrik mətnində yer alıb.
Dağbəyi İsmayılov 1948-ci il avqustun 1-də Qubadlı rayonunun Çərəli kəndində dünyaya göz açıb. 1975-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib və həmin il Azərbaycanın mətbuat tarixində xüsusi yeri olan “Bakı” – “Baku” (rus dilində) qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. Bu yolçuluq 2002-ci ildən Azərbaycan Dövlət İnformasiya Agentliyində davam edir. Dağbəyi İsmayılov burada buraxılış redaktoru, baş redaktor işləyib, 2005-ci ildən agentliyin baş direktorunun müavini vəzifəsini icra edib. 2008-ci ildə ölkə başçısının sərəncamı ilə AZƏRTAC-ın baş direktorunun müavini təyin olunub.
Təbrik mətnində qeyd olunur ki, yubilyar sözün əsl mənasında, sadəlik, səmimilik və alicənablıq nümunəsidir. O, daşıdığı bu keyfiyyətlərlə jurnalistikaya dəyər qazandırmağı bacarıb.
“Yubilyar həmkarımız əməksevərliyi və təəssübkeşliyi ilə müstəqil Azərbaycanın dövlət agentliyi olan “AzərTAC”ın salnaməsini yaratmış, adını bu mühüm informasiya orqanının tarixinə yazdırmış şəxsiyyətdir. Azərbaycan Mətbuat Şurası olaraq Dağbəyi İsmayılovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır, ən xoş istək və diləklərimizi çatdırmaqdan məmnunluq duyuruq”, – deyə təbrik mətnində vurğulanır.
P.S. “Mədəniyyət” qəzetinin kollektivi də bu sözlərə qoşularaq dəyərli həmkarımızı yubileyi münasibətilə təbrik edir.