Xətai Sənət Mərkəzi “Azərbaycan təsviri sənətində qrafika: dünən və bu gün” adlı respublika rəsm müsabiqəsi elan edib. Mərkəzin direktoru Zahid Əvəzov bildirib ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

“Cümhuriyyət ili” çərçivəsində reallaşan müsabiqənin məqsədi qrafikanın müasir Azərbaycan incəsənətində rolunu genişləndirmək, qrafika sənəti ustalarının yaradıcılığını təbliğ etmək və rəssamların bu sahəyə müraciət etmələrini stimullaşdırmaqdır.

Yaşından asılı olmayaraq hər rəssam təqdim etdiyi əsərin fotosu ilə yanaşı, ad və soyad, əlaqə nömrəsi, əsərin adı, ölçüsü və texnikası barədə məlumatı noyabrın 30-dək Xətai Sənət Mərkəzinin xsm.2016@mail.ru elektron ünvanına göndərə bilər.

“Mənim yay tətilim-2018” adlı respublika uşaq müsabiqəsinin məqsədi isə uşaq və yeniyetmələri öz təəssüratlarını rəsmlərdə əks etdirməyə təşviq etməkdir. Xətai Sənət Mərkəzi bu müsabiqəni Mədəniyyət, Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə keçirir.

İştirak etmək istəyənlər çəkdikləri rəsmin fotosunu ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə oktyabrın 20-dək Xətai Sənət Mərkəzinin xsm.2016@mail.ru  elektron ünvanına göndərməlidirlər. Müsabiqəyə 12-17 yaşlı uşaq və yeniyetmələr qatıla bilər.