Uşaqlara sevimli personajlar bəxş etmiş yazıçı dünyadan köçüb
Rusiyanın məşhur uşaq yazarı Eduard Uspenski avqustun 14-də 81 yaşında vəfat edib. O, milyonların sevimlisinə çevrilmiş timsah Gena və Çeburaşka, poçtalyon Peçkin, Fyodor “dayı”, pişik Matroskin və başqa personajların müəllifidir.
Eduard Nikolayeviç Uspenski 1937-ci il dekabrın 22-də Moskvada anadan olmuşdur. O, hələ orta məktəbdə təhsil alarkən ilk şeirlərini və qısa hekayələrini yazmağa başlayıb.
Yazmağa və ədəbiyyata olan sevgisinə baxmayaraq, o, Moskva Aviasiya İnstitutuna daxil olur və 1961-ci ildə oranı bitirir. Tələbəlik illərində uşaqlar üçün şeirlər yazır, şeirləri “Literaturnaya qazeta”da dərc edilirdi. İnstitutu bitirdikdən sonra 3 il zavodda mühəndis vəzifəsində çalışır. Lakin boş vaxtlarında yazmağa davam edirdi.
Uspenski 1966-cı ildə “Timsah Gena və onun dostları” adlı kitabını nəşr etdirir və qısa bir zamanda bütün SSRİ-də məşhurlaşır. Bir qədər sonra “Çeburaşka və onun dostları”, “Timsah Gena tətildə” adlı kitabları işıq üzü görür. Timsah Gena və Çeburaşka Uspenskinin ən məşhur personajlarına çevrilir. 1969-cu ildə “Timsah Gena” cizgi filmi uşaqların və valideynlərin sevgisini qazanır. İki il sonra «Çeburaşka» cizgi filmi ekranlara çıxır.
1974-cü ildə yazıçının daha bir kitabı çap olunur: “Fyodor dayı, it və pişik». 1978-ci ildə bu kitabın əsasında əfsanəvi «Prostokvaşinodan üç nəfər» adlı cizgi filmi çəkildi. Daha sonra məşhur «Prostokvaşinoda tətil» və «Prostokvaşinoda qış mövsümü» cizgi filmləri lentə alındı. Uspenskinin ssenarisi əsasında «Аntoşka”, “Plastilin qarğa” və s. cizgi filmləri də çəkilib.
Uspenski televiziyada da çalışırdı. O, “Gecəniz xeyrə qalsın, balalar”, “АBVQDеykа» və başqa uşaq verilişlərinin müəllifi olub.
İLONA