Avqustun 17-də Azərbaycanın görkəmli sənətkarı, dünya şöhrətli müğənni, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) anadan olmasının 76-cı ildönümü tamam olur. Bu münasibətlə I Fəxri xiyabanda, musiqiçinin məzarı önündə anım mərasimi keçiriləcək.
Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur. Onun səsinin sehri, zəngin yaradıcılığı unudulmaz sənət abidəsinə çevrilib. Sənətə vurğunluğu, dərin musiqi duyumu, yüksək səhnə mədəniyyəti onu Azərbaycan ifaçılıq sənətinin bir növ rəmzi kimi tanıdıb. Müslüm Maqomayev dünyanın ən möhtəşəm konsert salonlarındakı rəngarəng çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırıb.
O, 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın sinfində bitirib. 1963-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayan Müslüm Maqomayevin C.Rossininin “Sevilya bərbəri” operasında yaratdığı Fiqaro obrazı ona böyük şöhrət gətirib.
Müğənninin ifasında “Koroğlu” (Ü.Hacıbəyli), “Şah İsmayıl” (M.Maqomayev), “Toska” (C.Puççini), “Aleko” (S.Raxmaninov) operalarından ariyalar, Azərbaycan və xarici ölkə bəstəkarlarının onlarca estrada mahnıları xüsusi yer tuturdu. Keçmiş SSRİ-nin ən populyar estrada müğənnilərindən biri olan Müslüm Maqomayev, sözün əsl mənasında, ümumxalq məhəbbəti qazanmışdı.
O, 1974-cü ildə təşkil etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri ilə birgə ABŞ, Kanada, Fransa, Almaniya, Finlandiya, İsveçrə, İspaniya, İtaliya, Portuqaliya, Argentina, Braziliya, Polşa və başqa ölkələrdə böyük uğurla çıxış edib.
Sənətkar 1973-cü ildə “SSRİ Xalq artisti” fəxri adına layiq görülüb, 1997-ci ildə Azərbaycanın “Şöhrət”, 2002-ci ildə “İstiqlal” ordeni ilə təltif olunub.