“ASAN Könüllüləri” təşkilatının təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliği məqsədilə tədbirlərin təşkili” layihəsinə start verilib.

Layihənin məqsədi gənc nəsillərə Azərbaycanın dövlət siyasəti olan dini dözümlülüyü, milli-mənəvi dəyərləri, tolerantlıq nümunələrini təbliğ etməkdir.

Masallı “ASAN həyat” kompleksində layihənin açılış mərasimi keçirilib. Tədbirdə iştirakçılara layihə haqqında məlumat verilib. Həmçinin “Şəhadət” filminin nümayişi və müzakirəsi keçirilib.

Beş regionda yaşayan 16-25 yaşarası gəncləri əhatə edəcək layihə çərçivəsində dini dəyərlərin təbliği mövzusunda lentə alınmış fotolardan ibarət sərgi keçiriləcək. Həmçinin vətənpərvərlik, sülhsevərlik, humanizm dəyərlərinin təbliğinə həsr olunmuş filmlər nümayiş etdiriləcək.