Azərbaycanın qəhrəmanlıq tarixində özünəməxsus yeri olan Babək Xürrəmiyə həsr edilmiş informasiya xarakterli animasiya çarxı hazırlanıb.

Animasiyada qəhrəmanın mübarizəsi 3D qrafikası vasitəsilə qısa təsvir edilir. Onun xürrəmilərin başçısı Cavidanla ilk görüşü, Bəzz qalasına gəlişi, yadelli işğalçılara qarşı mübarizə hərəkatına rəhbərlik etməsi, xəlifənin sərkərdəsi Afşinlə görüşü nümayiş etdirilir. Sonda Babəkin Bəzz qalasını tərk etdikdən sonra xəyanətə uğraması, edam edilməsi səhnələri göstərilir.

Videoçarx Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Tarixi qəhrəmanlarımız” adlı layihə çərçivəsində hazırlanıb. Layihənin məqsədi müasir texnologiyalardan istifadə etməklə tarixi qəhrəmanlarımızın animasiyalarını hazırlayıb yaymaq, gənclərə vətənpərvərlik hislərini aşılamaqdır. Bu, Azərbaycanda tarixi şəxsiyyətlər barədə hazırlanan ilk 3D qrafikalı animasiya çarxıdır.

Animasiya çarxının ssenari müəllifi – rejissoru Elşən Rüstəmov, prodüseri Kamil Həmidov, montaj edəni Sənan Səfərovdur. Animasiyanın mətnini isə Kamal Yaşar səsləndirib.