Xüsusi xidmət orqanlarının fəaliyyətindən bəhs edən kitabların təqdimatı olub

Avqustun 21-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının binasında “Üçüncü ən qədim. “T” İdarəsinin İsveç qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimatı keçirilib. Azərbaycan dilində nəşr olunan birinci kitabın həmmüəllifləri Şamil Süleymanov və Vladimir Mişin, Azərbaycan və rus dillərində çapdan çıxan “Fədakarlar gərəkdir” kitabının həmmüəlliləri isə Şamil Süleymanov və Şövkət Kərəmovadır.

Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov təqdimat mərasimində çıxış edərək hər iki kitabın Azərbaycan oğullarının sovet dövründə və müstəqillik illərində xüsusi xidmət orqanlarındakı fədakar əməyindən bəhs etdiyini bildirib.

“Fədakarlar gərəkdir” kitabında kəşfiyyat və əks-kəşfiyyat sahəsində zəngin təcrübəsi olan xüsusi xidmət orqanı veteranı, dəyərli ziyalı Şamil Süleymanovun mənəvi keyfiyyətlərindən, şərəfli xidmət yolundan bəhs olunur. Nəşrdə Ş.Süleymanov ulu öndər Heydər Əliyev ilə ilk tanışlığı, dahi şəxsiyyətin rəhbərliyi ilə bu çətin xidmətdə yüksək keyfiyyətlərə yiyələnməsi, onun kəşfiyyatçı kimi iştirak etdiyi əməliyyatlar, habelə hazırkı ictimai fəaliyyəti və rəhbərlik etdiyi veteranlar təşkilatının gördüyü işlər barədə söhbət açılır.

“Üçüncü ən qədim. “T” İdarəsinin İsveç qambiti” romanı 1980-ci illərdə inkişaf etmiş Avropa ölkələrindən birində cərəyan edən real hadisələrin əsasında yazılıb. Romanın Azərbaycan dilində nəşrinin redaktoru və rus dilindən tərcüməçisi yazıçı Azər Hacıbəylidir. Rus dilində 2013-cü ildə işıq üzü görən kitaba ön sözü Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə yazıb. Kitabda Ş.Süleymanovun bilavasitə iştirakçısı olduğu real hadisələr yüksək dəqiqliklə oxuculara çatdırılır.

Tədbirdə Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, “Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları” İctimai Birliyinin sədr müavini Azər Qarayev, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Mircəfər Həsənov, yazıçı Azər Hacıbəyli, uzun müddət milli təhlükəsizlik sistemində xidmət etmiş ehtiyatda olan polkovniklər Əliheydər Dadaşov, Sücəddin Abdullayev, polis orqanları veteranı, yazıçı Georgi Zapletin və başqaları çıxış ediblər.

Çıxış edənlər bu sanballı əsərlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, hərbi qulluqçuların ruh yüksəkliyinin artırılmasında önəmini xüsusi vurğulayıblar. Kitabların gələcəkdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında tədris vəsaiti kimi istifadəsinin əhəmiyyəti qeyd olunub.

Şamil Süleymanov çıxış edərək Respublika Veteranlar Təşkilatına və tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, Heydər Əliyevin rəhbərliyi ilə çalışdığı illərlə bağlı xatirələrini bölüşərək ümummilli liderin uzaqgörən siyasətinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın mühüm uğurlar qazanaraq regionun lider dövlətinə çevrildiyini vurğulayıb.

Veteranlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edən Ş.Süleymanov Azərbaycanın təhlükəsizliyinin qorunmasının gözəgörünməz cəbhədə çalışan hər bir əməkdaşın müqəddəs vəzifəsi olduğunu deyib və bu sahədə fəaliyyət göstərən hər bir şəxsə uğurlar arzulayıb.