Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar və sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələri sakinlərinin əyləncə mərkəzində istirahəti təşkil olunub.
Qurban bayramı münasibətilə təşkil olunan tədbir uşaqlara xoş anlar bəxş edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı keçirilən baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial sığınacaq və reabilitasiya müəssisəsi ölkəmizdə hər bir uşağın dövlətin qayğısı ilə əhatə olunduğunu təsdiq edir. Müəssisədəki uşaqlar stasionar şəraitdə reabilitasiya məqsədli sosial xidmətlərlə təmin edilir, onların digər həmyaşıdları kimi normal həyat tərzi üçün məqsədyönlü reabilitasiya işləri aparılır. Eyni zamanda, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 saylı sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Fondun layihəsi əsasında yaradılan reabilitasiya müəssisəsində hər il 400-dək uşağa xidmət göstərilir. Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası üçün humanitar aksiyalar həyata keçirilir.