Sentyabr ayında Bakıda Rusiya filmləri həftəsinin keçirilməsi nəzərdə tutulur. Bu barədə Rusiya Federasiyasının Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Boçarnikov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.

Səfir iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni layihələrin həyata keçiriləcəyini deyib. Onun sözlərinə görə, bu məqsədlə noyabr ayında Bakıda Rusiya teatr truppalarının iştirakı ilə teatr festivalının reallaşması üçün hazırlıq görülür.

Nizami Kino Mərkəzindən isə bildirilib ki, Rusiya filmləri həftəsinə hazırlıqlar davam edir. Film həftəsinin açılış mərasimi sentyabrın 6-da baş tutacaq.