Almaniya Kansleri Angela Merkelin 23-25 avqust tarixində Cənubi Qafqaz ölkələrinə edəcəyi ilk səfər region və dünya mediasının diqqət mərkəzindədir. Bu səfər Azərbaycan üçün bir çox baxımdan əhəmiyyətli hadisə hesab olunur.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, səfər ərəfəsində Almaniyada yaşayan azərbaycanlılar xanım Merkelə müraciət edərək ölkələrimiz arasında münasibətlərin tarixinə kiçik ekskurs edib, qarşılıqlı iqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsi, mədəni əlaqələrin bugünkü mənzərəsi barədə fikirlərini bildirib, bundan sonrakı əməkdaşlığımızın daha yüksək keyfiyyət nöqtəsinə çatacağına inandıqlarını bəyan ediblər.

Həmçinin Almaniya mətbuatında sağlam düşüncəli soydaşlarımızın Merkelin bölgəyə səfəri, dövlətlərimiz arasında münasibətlərin mövcud səviyyəsi və digər mühüm məsələlərlə bağlı fikirlərinin əks olunduğu yazılar yer alıb. Yazılarda Almaniya-Azərbaycan münasibətlərinin istiləşməsindən ehtiyatlanan, Azərbaycanı sevməyən ermənipərəst qüvvələrin maliyyələşdirdiyi bəzi qrupların Angela Merkelin Azərbaycana səfərinin əhəmiyyətinə kölgə salmaq cəhdlərindən də bəhs edilir. Qeyd olunur ki, kiçik təxribatçı “qruplar”ın nümayiş etdirdikləri mövqenin vətənpərvər, dövlətlərimiz arasında münasibətlərin davamlı və möhkəm olmasında maraqlı olan azərbaycanlıların mövqelərinə heç bir aidiyyəti və təsiri yoxdur.