Avqustun 21-də Azərbaycan İlahiyyat İnstitutunda “Səmavi dinlərdə qurban ibadəti” mövzusunda növbəti seminar keçirilib.

İnstitutun rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

Sonra institutun baş müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov “Səmavi dinlərdə qurban ibadəti” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qurban ayininin yaşının bəşəriyyətin tarixi qədər qədim olduğunu söyləyib, Paleolit dövründən etibarən müxtəlif inanc sistemlərində bu ibadətin fərqli formalarda icra edildiyini bildirib. Səmavi dinlərdəki qurban ibadətinin həzrət İbrahimin adı ilə bağlı olduğunu bildirən ilahiyyatçı Qurani-Kərimin Saffat surəsinin 100 – 107-ci ayələrinə görə, həzrət İbrahimin Allahdan bir övlad istədiyini, duası qəbul olunaraq ona həzrət İsmayılın bəxş edildiyini, daha sonra övladını Allah yolunda qurban etməsinin əmr olunduğunu deyib. Qurana görə həzrət İbrahim oğlu İsmayılı qurban etmək istədikdə ona imtahandan müvəffəqiyyətlə keçdiyi bildirilib və oğlunun əvəzində bir qoç qurbanı verilib.

Diqqətə çatdırılıb ki, Quran və Tövratda fərqli formada, lakin eyni məzmunda keçən bu məlumatla bəşəriyyətə iki mühüm ismarış verilir. Bu ismarışlardan birincisi İbrahim peyğəmbərin və oğlunun Allaha bağlılığı və təslimiyyətidir. İkincisi isə insanların qurban edilməsinin qadağan olunmasıdır.

Qeyd edilib ki,  bəşər tarixinin müəyyən dövrlərində qurban ritualı öz mahiyyətindən uzaqlaşdırılıb. Həzrət İbrahimin yaşadığı dövrdə belə, dünyanın müxtəlif bölgələrində insanları qurbanetmə adəti olub. Allah həzrət İbrahim vasitəsilə müxtəlif dövrlərdə mövcud olmuş bu qeyri-insani adəti qadağan edərək bunun əvəzinə qurbanı bir çox ictimai və mənəvi keyfiyyətləri özündə daşıyan bir ibadət kimi insanlara buyurub.

Seminarda mövzu ətrafında müzakirələr aparılıb.