Azərbaycan Xalça Muzeyi dünyanın ən məşhur turizm saytı olan “TripAdvisor”un “Mükəmməllik sertifikatı 2018” mükafatına layiq görülüb.
2010-cu ildə təsis edilən bu mükafat il ərzində “TripAdvisor”da səyyahlar tərəfindən daha çox müsbət rəylər almış incəsənət və mədəniyyət ocaqlarına, o cümlədən turizm obyektlərinə verilir. Milyonlarla insanın dünyanın müxtəlif şəhərləri, gəzməli yerləri, tarixi məkanları, keyfiyyət, xidmət və digər sahələrdən məmnunluğu əsasında “TripAdvisor” ildə bir dəfə “yaxşıların yaxşısı”nı seçir və dünyaya təqdim edir.
Qeyd edək ki, Azərbaycan Xalça Muzeyi 2017-ci ildə də “Mükəmməllik serifikatı”na layiq görülüb. Həmin il muzeyi 80 mindən artıq insan ziyarət edib. Bu da respublikamızın muzeyləri arasında rekord göstəricidir. Bu ilin səkkiz ayı ərzində isə muzeyə gələnlərin sayı 63 mini keçib. Son iki ildə muzey Beynəlxalq Muzeylər Şurasının (İCOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən “Ən yaxşı təcrübə” mükafatına və “Avropanın ən yaxşı muzeyi - 2018” müsabiqəsində “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatına layiq görülüb.