19-21 oktyabr tarixində keçiriləcək I Bakı Beynəlxalq Animasiya Filmləri Festivalına hazırlıq davam edir. Layihənin təsisçisi və direktoru Rəşid Ağamalıyev bildirib ki, festivalda iştirak üçün 30-dək ölkədən 250-dən çox müraciət var. Münsiflər heyətinə Azərbaycan, Rusiya, Gürcüstan, İsrail, Misir, Slovakiya və İrandan peşəkarlar daxil edilib.

Münsiflər heyəti işləri iki tərkibdə - Elçin Hami Axundov (Azərbaycan), Cahangir Süleymanov (Rusiya), Ketevan Canelidze (Gürcüstan), Məhəmməd Qazala (Misir), Andrey Xovanets (Slovakiya) animasiya filmlərini, Yefim Abramov (İsrail), Leyla Novruzi (İran), Sevinc Əzimova, Aygün Aslanova, Kəmalə Rövşən (Azərbaycan) ssenariləri qiymətləndirəcəklər.

Əsas məqsəd rejissorların, ölkənin kino və animasiya studiyalarının yaradıcılıq və istehsal fəaliyyətinin inkişafı, əcnəbi rejissorların müxtəlif janrlarda peşəkar animasiyalarına baxışı, beynəlxalq təcrübə mübadiləsidir.

Müraciətlərin qəbulu sentyabrın 15-dək davam edəcək. Birinci festivalın əsas mövzusu Azərbaycan animasiyasıdır. Festival çərçivəsində müsabiqələr keçiriləcək, hər nominasiya üzrə ən yaxşılar “Qızıl gəmi” sertifikatı ilə təltif ediləcək. Həmçinin sponsorlar adından mükafatlar təqdim olunacaq, tematik axşamlar, seminar və ustad dərsləri, “Azərbaycan animasiyası” kitabının təqdimatı, digər tədbirlər keçiriləcək.

Festival çərçivəsində Azərbaycan kinosunun 120 illiyi ilə bağlı “ReAnimasiya” sərgisi təşkil olunacaq.