Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğalının 25-ci ildönümünə həsr olunmuş “Biz o yurdlara qayıdacağıq” adlı dəyirmi masa keçirilib.

Kitabxananın direktoru Oruc Quliyev çıxış edərək 1993-cü ilin avqustunda Azərbaycanın dilbər guşələrinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından danışıb. Bildirib ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə hər üç rayonun, eləcə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı digər rayonların işğalını pisləyən və erməni silahlı qüvvələrinin dərhal bu torpaqlardan  çıxmasını tələb edən dörd qətnamə qəbul etsə də, bu qətnamələr indiyədək yerinə yetirilməyib.

Şair-publisist, “Həkəri” qəzetinin baş redaktoru Rauf İlyasoğlu Qubadlı rayonunun  işğal tarixi, bu işğalın nəticəsi kimi itirilən maddi sərvətləri, Qubadlının şəhidləri haqqında söz açıb.

Kitabxananın əməkdaşları Səadət Şəfiyeva və  Nübar Cəlilova mövzu ilə əlaqədar çıxış ediblər.

Qarabağ müharibəsi veteranları Valeh Babayev, Mübariz Səfərov, Fəxrəddin Əmirov, Qiyas Səfərov, Zülfüqar Hüseynov keçdikləri döyüş yolundan danışıblar.

Sonda biblioqraf Tamella Məmmədova “Biz o yurdlara qayıdacağıq...” başlığı altında nümayiş olunan ədəbiyyat haqqında məlumat verib.