Aprelin 23-dən 28-dək Almaniyanın Ştutqart şəhərində keçiriləcək XX Beynəlxalq Cizgi Filmləri Festivalında gənc azərbaycanlı rejissor Cavid Əhədov da iştirak edəcək.
   
   “Birlik” kinostudiyasından bildiriblər ki, kinofestival çərçivəsində cizgi filmlərinin istehsalı üzrə ən yaxşı mütəxəssislərin forumunda iştirak üçün Almaniyadan rejissora dəvətnamə gəlib. C.Əhədovun müsabiqəyə təqdim etdiyi cizgi filmi üçün ssenari qalib foruma daxil edilib.
   Ştutqartda 1982-ci ildən keçirilən cizgi filmləri festivalı dünyada bu sahədə ən böyük tədbirlərdən hesab olunur. Festival bir çox multiplikatorlar üçün yaradıcı təşəbbüslərinin maliyyələşdirilməsi baxımından ciddi imkandır.
   Yeri gəlmişkən, azərbaycanlı rejissor Cavid Əhədovun Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Birlik” kinostudiyasında lentə aldığı “Səmada şəkil” adlı cizgi filmi mayın 21-31-də Xabarovskda (Rusiya) keçiriləcək “Qızıl pəhləvan” kinoforumunun müsabiqə proqramına daxil edilib. 1992-ci ildən keçirilən kinoforumun təsisçisi və prezidenti, Rusiyanın Xalq artisti, Slavyan Mədəniyyət Xadimləri İttifaqının sədri, Rusiya Kinematoqrafçılar İttifaqının katibi Nikolay Burlyayevdir. Tədbir 2010-cu ildən incəsənətin digər növlərini - kino, teatr, ədəbiyyat, təsviri sənəti birləşdirir. “Mənəvi ideallar naminə. İnsanın ruhunun yüksəldilməsi naminə” devizi altında keçirilən festival dünyanın müxtəlif ölkələrinin yaradıcı insanları üçün birlik meydanıdır.
   Forum ənənəvi olaraq Rusiyanın və dünyanın müxtəlif şəhərlərində (Minsk, Novi-Sad (Serbiya) və s.) keçirilib. Bu il festivala Xabarovsk şəhəri ev sahibliyi edir.