Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümü sentyabrın 15-də “Qarabağnamə” tamaşası ilə açacaq.

Teatrdan bildirilib ki, sənət ocağı ənənəvi olaraq mövsümü bu tamaşa ilə açır və bağlayır. Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Tamaşa Azərbaycan xalqının tarixi və bu günü ilə səsləşir. Səhnə əsəri XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla dinc münasibətləri bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.