Vaxtilə sovet uşaq kinosunun məşhur simaları olmuş əkizlər - Vladimir və Yuri Torsuyev qardaşları 1966-cı il aprelin 22-də anadan olublar. Qardaşların doğum günü sovet rəhbəri Vladimir Leninin ad gününə təsadüf etsə də, partiya katibi olan ataları onlardan birinin adını Leninin deyil, dayısının şərəfinə Vladimir qoyur. Əkiz qardaşlardan digərinə isə ilk sovet kosmonavtı və özünün yaxın dostu Yuri Qaqarinin şərəfinə Yuri adını verir. Qardaşları bir-birindən seçmək çox çətin olur, yalnız Yuridəki xal onları bir-birindən fərqləndirməyə imkan verirdi.
   
   1979-cu ildə Odessa kinostudiyası elan verir ki, “Elektronikin macəraları” filminin çəkilişi üçün əkiz oğlan uşaqları axtarılır. Axtarışlar Odessada, Kiyevdə və demək olar ki, SSRİ-nin bütün şəhərlərində aparılır. Nəhayət, Moskva şəhərinin 23 nömrəli məktəbində oxuyan 12 yaşlı Vladimir və Yuri Torsuyev qardaşları seçilir. Əkizlərin yaxşı oxumağı, oynamağı, gitarada çalmağı və motosiklet sürməyi bacarması da diqqət çəkir.
   Çəkilişlərdə Volodya əvvəlcə Sıroyejkin obrazını, Yuri isə Elektronik rolunu oynayır. Lakin çəkiliş prosesi yaxşı alınmadığına görə rejissor yerdəyişmə edir. Odessa şəhərində filmin çəkilişi 8 ay çəkir. Bu müddət ərzində əkizlər tez boy atdıqlarına görə onların kostyumlarını təzələmək lazım gəlir.
   Beləliklə, film çox uğurlu alınır və 1980-ci ildə ilk dəfə ekranlara çıxır, tamaşaçılar tərəfindən çox sevildiyinə görə bir ildə üç dəfə mərkəzi televiziya ilə nümayiş olunur. Filmdəki mahnılar da plastinka formasında satışa çıxarılır.
   Əkizlər indi də ekran əsərinin çəkilişlərini yaxşı xatırlayırlar. Filmin çəkilişlərinə görə onlara yaxşı qonorar verirlər. Lakin qardaşlar həmin pulların qədrini bilməyib, dərsə də taksi ilə gedib-gəlir, bir sözlə, pulu sağa-sola xərcləyirlər. Həmin vaxt qardaşların qız pərəstişkarlarının sayı çox olub, kinonun nümayişindən sonra bir gün ərzində qızlardan 40-a qədər məktub alıblar. Hətta valideynləri də tez-tez telefon nömrəsini dəyişməli olub.
   Məktəbi qurtarandan sonra əkizlər Poliqrafiya İnstitutuna daxil olsalar da, davamiyyətləri yaxşı olmadığına görə onları institutdan kənarlaşdırırlar. Bir müddət çörək zavodunda şofer işlədikdən sonra hərbi xidmətə çağırılırlar. Hərbi xidmətdən qayıtdıqdan sonra Volodya Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinə, Yuri isə Asiya və Afrika İnstitutuna daxil olsa da, yenə də ali savad ala bilmirlər. Səbəb isə onların oxumaqdan bezmələri olur.
   Bundan sonra 1992-ci ildə Volodya kinorejissor Nikita Mixalkovun kinostudiyasında işləyir. Burada bir çox rollara çəkilsə də, elə də şöhrət qazanmır. Üç ildən sonra o, kinostudiyanı tərk edərək bizneslə məşğul olur. Üç dəfə ailəli olan Vladimir 2003-cü ildə dördüncü dəfə İrina adlı xanımla evlənir. Qardaşı Yuri Torsuyevin isə 11 yaşında Nikita adında bir oğlu var. 47 yaşlarını qeyd edən əkizlər indinin özündə də “Elektronikin macəraları”ndakı anlarını xoş hisslərlə yada salırlar. 

   Hazırladı: Səbinə Əlibalaqızı