Aprelin 24-dən Gürcüstanda Azərbaycan kinosu günləri başlayıb. "2008-2018-ci illər üçün Azərbaycan kinosunun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq milli kinonun təbliği və bu sahədə beynəlxalq əlaqələri genişləndirmək məqsədi daşıyan kino günləri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı nümayəndəliyinin dəstəyi ilə gerçəkləşib.
   
   Bununla bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Əməkdar incəsənət xadimi, rejissor Yavər Rzayev, Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Münəvvər Əliyeva və Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadədən ibarət nümayəndə heyəti Tbilisiyə səfər edib.
   Azərbaycan kinosu günlərinin açılış mərasimini Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişaria açaraq belə tədbirlərin mədəni əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirib.
   Ölkəmizin Gürcüstandakı səfiri Azər Hüseyn strateji tərəfdaşlar olan Azərbaycan və Gürcüstanın, hər sahədə olduğu kimi, mədəni sahədə də əməkdaşlığının əhəmiyyətinə diqqət çəkib. O, belə bir görüşün iki ölkənin dostluq münasibətlərinin bu cür yüksək səviyyəyə qaldırılmasında əvəzsiz xidmətləri olmuş ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə təsadüf etməsinin xüsusi əhəmiyyətini vurğulayıb.
   İki ölkənin müvafiq nazirliklərinin himayədarlığı, “Tbilisi intermedia” şirkətinin təşəbbüsü, ARDNŞ-in dəstəyi ilə baş tutan tədbirin ilk günündə rejissor Vaqif Mustafayevin “Milli bomba” filmi nümayiş etdirilib. Filmi tamaşaçılar böyük maraqla qarşılayıblar.
   Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişaria jurnalistlərə müsahibəsində deyib ki, biz Azərbaycan kinosuna böyük önəm veririk. Nazir belə görüşlərin istər Tbilisidə, istərsə də Bakıda tez-tez keçirilməsini arzulayıb: “Mədəniyyət sərhəd tanımır, ancaq çox vaxt uzaq ölkələrin filmlərinə, yaxın qonşularımızın filmlərindən daha çox baxırıq. Əminəm ki, azərbaycanlı dostların bu tədbiri belə çatışmazlıqların aradan qaldırılmasına xidmət göstərəcək”.
   Nazir birgə film çəkilişi layihəsini təqdir etdiyini bildirib.
   Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə qeyd edib ki, biz gürcüstanlı tamaşaçılar üçün son illər çəkilmiş bədii filmlər gətirmişik: “Son zamanlar Gürcüstanda Azərbaycan kinosunun təbliği istiqamətində bir sıra tədbirlər keçirmişik. Məqsəd keçmiş ənənələri bərpa etməkdir”.
   Qeyd olunub ki, Azərbaycan kinosu günlərində Vaqif Mustafayevin “Milli bomba” filmi ilə yanaşı, Yavər Rzayevin “İlahi məxluq”, Samir Kərimoğlunun “Niyyət”, Şamil Nəcəfzadənin “Qala” filmləri nümayiş etdiriləcək.
   Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Şəfiqə Məmmədova deyib ki, keçmişdə gürcü və Azərbaycan kinolarının qarşılıqlı nümayişi sahəsində bizim gözəl ənənələrimiz var idi: “Biz həmin əlaqələri bərpa etmək, kinofilmlərimizin təbliğini gücləndirmək məqsədilə bu tədbirə qatılmışıq”.
   Şəfiqə Məmmədova qeyd edib ki, Azərbaycanda gürcü kinosuna maraq olduğu kimi, Gürcüstanda da Azərbaycan kinosuna maraq böyükdür: “Gürcüstanlı rejissorlarla birgə film çəkmək niyyətindəyik və həmin təklif üzrə gürcüstanlı həmkarlarımızla fikir mübadiləsi aparacağıq”.
   Gürcüstanda Azərbaycan kinosu günləri aprelin 26-da başa çatacaq.