Bakı Xətai Sənət Mərkəzinin elan etdiyi “Azərbaycan təsviri sənətində qrafika: dünən və bu gün” adlı respublika rəsm müsabiqəsi davam edir. Müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə keçirilir.

“Cümhuriyyət ili” çərçivəsində reallaşan müsabiqənin məqsədi qrafikanın müasir Azərbaycan incəsənətində rolunu genişləndirmək, qrafika sənəti ustalarının yaradıcılığını təbliğ etmək və rəssamların bu sahəyə marağını stimullaşdırmaqdır.

Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti yoxdur. İştirakçılar çəkdikləri əsərin fotosu ilə yanaşı, ad və soyad, əlaqə nömrəsi, əsərin adı, ölçüsü və texnikası barədə məlumatı noyabrın 30-dək Xətai Sənət Mərkəzinin xsm.2016@mail.ru elektron ünvanına göndərməlidirlər.

“Mənim yay tətilim-2018” adlı respublika uşaq müsabiqəsinin məqsədi isə uşaq və yeniyetmələri öz təəssüratlarını rəsmlərdə əks etdirməyə təşviq etməkdir. Bakı Xətai Sənət Mərkəzi bu müsabiqəni Mədəniyyət, Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə keçirir. Müsabiqəyə 12-17 yaşlı uşaq və yeniyetmələr qatıla bilər. İştirak üçün müraciətlər oktyabrın 20-dək Xətai Sənət Mərkəzinin xsm.2016@mail.ru  elektron ünvanında qəbul olunur.