Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşü keçirilib

“Əsas nəticə ondan ibarətdir ki, bizim dostluğumuz, qardaşlığımız daha da möhkəmlənəcək”

Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib.

Zirvə görüşünün açılışında çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının hazırkı sədri, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, builki sammitdə Özbəkistan və Macarıstanın da iştirak etməsini yüksək dəyərləndirib.

Tədbirə ev sahibliyi edən Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov builki zirvə görüşünün əsas mövzusunun milli idman növlərinin və gənclər arasında əməkdaşlığın inkişafı ilə bağlı olduğunu bildirib, türkdilli dövlətlər arasında turizmin inkişafının əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, Azərbaycanı, Türkiyəni, Qazaxıstanı və Qırğızıstanı əhatə edən “Müasir İpək Yolu” layihəsinə  Özbəkistanın və Macarıstanın da qoşulması onu daha cəlbedici edəcək.

* * *

Sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir.

Prezident qeyd edib ki, regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkir. İyirmi ildən çoxdur ki, beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altındadır. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, hərbi cinayətlər, Xocalı soyqırımı törədilib. İşğal edilmiş torpaqlarda Ermənistan bizim bütün tarixi, dini abidələrimizi, məscidlərimizi, əcdadlarımızın qəbirlərini dağıdıb, maddi sərvətlərimiz Ermənistan tərəfindən talan edilib. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması haqqında çox dəqiq müddəalar var və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır.

Zirvə görüşünün mövzusunun idmanla bağlı olduğunu qeyd edən dövlət başçısı bildirib ki, Azərbaycanda idmana çox böyük diqqət göstərilir. Ölkəmizdə bir neçə mötəbər beynəlxalq idman yarışı, o cümlədən üç il bundan əvvəl Bakıda I Avropa Oyunları, ötən il IV İslam Həmrəyliyi Oyunları keçirilib. İki il ərzində bir şəhərdə həm Avropa, həm İslam Oyunlarının keçirilməsi Azərbaycanın millətlərarası, dinlərarası multikulturalizmə verdiyi töhfənin növbəti təzahürüdür. İdman insanları, xalqları birləşdirir.

Humanitar məsələlərdən bəhs edən Prezident İlham Əliyev xüsusilə TÜRKSOY-un və Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirib, bildirib ki, Azərbaycan hər iki təşkilatda fəal iştirak edir.

Dövlət başçısı türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın da əhəmiyyətini qeyd edərək qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün əlavə addımlar atılmasının vacibliyini vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan qardaş ölkələrə böyük investisiyalar qoyur. Son illərdə Türkiyə iqtisadiyyatına 14 milyard dollar sərmayə qoyulub və Türkiyə də Azərbaycana təxminən bu qədər sərmayə qoyub. Bu, bizim dostluğumuzu, qardaşlığımızı əks etdirir. Bütövlükdə biz qardaş ölkələrə investisiyaların qoyuluşu ilə həm öz iqtisadi maraqlarımızı təmin edirik, həm də bu ölkələrdə yeni imkanlar yaradırıq. Keçən ilin oktyabr ayından Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng infrastruktur layihəsi fəaliyyətdədir. Bu yol Asiyanı Avropa ilə birləşdirir və bu yolla yükdaşımalarının həcmi artır və artmalıdır.

Prezident çıxışını bu sözlərlə bitirib: “Əziz dostlar, mən hesab edirəm ki, bugünkü Zirvə görüşünün çox böyük mənası var, çox gözəl nəticələri olacaq. Əsas nəticə də ondan ibarətdir ki, bizim dostluğumuz, qardaşlığımız daha da möhkəmlənəcək”.

* * *

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev 2015-ci ildə keçirilən Astana Sammitindən ötən dövrdə türkdilli dövlətlər arasında siyasi, iqtisadi, sosial və digər sahələrdə əlaqələrin möhkəmləndiyini diqqətə çatdırıb. O, Novruz bayramının ortaq tədbirlərlə qeyd olunmasının mədəniyyət sahəsində əməkdaşlıq baxımından önəmini vurğulayıb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 2009-cu ildə Naxçıvan Zirvə görüşü ilə əsası qoyulan Türk Şurasının ötən müddətdə sürətlə inkişaf edərək güclü quruma çevrildiyini diqqətə çatdıraraq “bu prosesdə türk dünyasının ağsaqqalı hörmətli Nazarbayevin və Azərbaycan Prezidenti hörmətli qardaşım İlham Əliyevin çox böyük əməyi var” deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan nəqliyyat dəhlizlərinin inkişafından danışarkən Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulayıb, onun həm də xalqlarımızın yaxınlaşmasına xidmət etdiyini söyləyib: “Türk dünyası olaraq, sülh və sabitliklə bağlı hər bir məsələyə böyük diqqət yetirməliyik. Bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əlimizdən gələni etməyə davam edəcəyik”.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev nəqliyyat sahəsində əməkdaşlığı xüsusi qeyd edərək Azərbaycanda Ələt Beynəlxalq Dəniz Limanı, Qazaxıstanda (Aktau) Kurık limanı kimi layihələrin gələcəkdə regional əməkdaşlığa töhfə verəcəyini deyib.

Zirvə görüşündə müşahidəçi dövlət statusunda iştirak edən Macarıstanın Baş naziri Viktor Orban macar xalqının türkdilli xalqlarla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. O, diqqətə çatdırıb ki, Macarıstan il ərzində Azərbaycan da daxil olmaqla türkdilli ölkələrin tələbələrinə təqaüd verir.

* * *

Çıxışlardan sonra nümayəndə heyətlərinin rəhbərləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitinin bəyannaməsini və qurumun yeni baş katibinin seçilməsi ilə bağlı sənədləri imzalayıblar. Qazaxıstan nümayəndəsi, səfir Bağdat Amreev Şuranın yeni baş katibi seçilib.

Növbəti zirvə görüşünün Azərbaycanda keçirilməsi qərara alınıb.

Sonra dövlət və hökumət başçıları Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzinin ərazisini gəziblər, burada açıq havada nümayiş etdirilən və qırğız xalqının görkəmli şəxsiyyətlərinin abidələrinə, eləcə də bu ölkənin tarixini, mədəniyyətini əks etdirən abidələrə baxıblar.

Bununla da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşü başa çatıb.