Bakı Kitab Mərkəzində təqdimat keçirilib

Avqustun 31-də Bakı Kitab Mərkəzində ziyalılar və ictimai xadimlər üçün təqdimat keçirilib. Qonaqlara Bakı Kitab Mərkəzinin fəaliyyət istiqamətləri və həyata keçiriləcək layihələr, tədbirlər barədə məlumat verilib.

Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva belə bir mədəniyyət və ədəbiyyat ocağını xalqımıza nəsib etdiyinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib.

 

Hər kəs üçün maraqlı olacaq məkan

 

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun Azərbaycanda həyata keçirdiyi mədəniyyət layihələrindən, eyni zamanda, gənclərin təhsilə, kitaba marağının artırılması istiqamətində gördüyü işlərdən danışıb. Regionlardakı Heydər Əliyev mərkəzlərində kitabxanaların fəaliyyət göstərdiyini qeyd edən Anar Ələkbərov Bakı Kitab Mərkəzinin yaradılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıb. “Bizim çoxdankı arzumuz idi ki, Bakıda yüksək şəraiti olan və müxtəlif nəşrləri əhatə edən kitab mərkəzi yaradılsın”, - deyən Anar Ələkbərov Bakı Kitab Mərkəzinin hər kəs üçün maraqlı məkan olacağını bildirib.

Diqqətə çatdırılıb ki, Kitab Mərkəzində görmə imkanları məhdud şəxslər üçün də guşə fəaliyyət göstərir. Mərkəzin ikinci mərtəbəsində oxu zalı, görmə qabiliyyəti məhdud şəxslər, uşaqlar üçün guşələr, müxtəlif ədəbi və mədəni xarakterli təqdimat tədbirlərinin keçiriləcəyi məkan və elmi fəaliyyətlə məşğul olanlar üçün tədris guşəsi var.

 

Dünyaya açılan pəncərə

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar müasir dövrdə - kitab mütaliəsinin yeni texnologiyalarla əvəzləndiyi bir zamanda Bakı Kitab Mərkəzinin yaradılmasını yüksək qiymətləndirərək deyib: “Bu, kitabın bir daha təsdiq olunması, kitabın mənəviyyatda, insan həyatında mühüm yer tutduğunun təsdiqi deməkdir”.

Yazıçı Bakı Kitab Mərkəzini dünyaya açılan bir pəncərə kimi dəyərləndirib. “İstərdim ki, bütün ömrüm burada keçsin. Çünki oxumadığım bütün kitablar burada var”, - deyə o söyləyib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev belə bir Mərkəzin yaradılmasını yüksək qiymətləndirib. O deyib: “Arzu edərdim ki, buraya yazıçılar gəlsin və görüşlər keçirilsin, eləcə də cavanlar gəlsinlər. Bizim gələcəyimiz, siyasətimiz, iqtisadiyyatımız, ordumuz, Qarabağ məsələmiz bax buradan, kitabdan başlayır. Kitab olmasa, heç nə olmayacaq. Yalnız o xalqlar yaşayacaq ki, onların kitablara meyli var, onların övladları oxuyur”.

* * *

Sonra Bakı Kitab Mərkəzi haqqında videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin əsas məqsədi mütaliəyə marağın artırılmasıdır. Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Kitab Mərkəzinin açılışında iştirak ediblər.

Mərkəzdə Azərbaycan və digər xalqların dillərində dünya ədəbiyyatı bestsellerləri, incəsənətə dair nadir albomlar, turistlər üçün bələdçi kitabları, musiqi kitabları və notlar da satılacaq. Burada müxtəlif dillərdə və janrlarda 10 mindən çox adda kitab təqdim olunacaq.

 

Kitabsevərlər asudə vaxtlarını səmərəli keçirəcək

 

Mərkəzdə kitabsevərlərin müxtəlif nəşrlər əldə etməsi ilə yanaşı, asudə vaxtlarını səmərəli keçirmələri üçün hər bir məqama xüsusi diqqət yetirilib. Monitorlarda yeni kitablar haqqında məlumatlar da əldə etmək olar. Eyni zamanda, sensor ekranlarda satılan kitablar haqqında məlumat almaq mümkündür.

Bakı Kitab Mərkəzində oxuculara Heydər Əliyev Fondunun ayrı-ayrı sahələr üzrə nəşrləri də təqdim edilir.

Mərkəzdə mütəmadi olaraq müxtəlif kitab təqdimatları, görüşlər, ustad dərsləri, uşaq və yeniyetmələrdə mütaliəyə marağı artırmaq üçün tanınmış şəxslərin iştirakı ilə oxu günləri, dil kursları və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Kitab satışı ilə yanaşı, burada “Coffeemood” adlı kafe də fəaliyyət göstərir.

Həmçinin burada müxtəlif nəşrlərlə yanaşı, “I love Baku” milli brendinin Azərbaycana dair suvenirlərini və “Azərmarka”nın məhsullarını əldə etmək mümkündür.