Avqustun 31-də Üzeyir Hacıbəylinin ev-muzeyində bəstəkarın xatirəsinə həsr edilmiş “Üzeyir Hacıbəyli. Cümhuriyyət – 100” mövzusunda söhbət keçirilib.
“Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə muzeyin eksponatları ilə tanış olan məktəblilərə dahi bəstəkarın Cümhuriyyət dövründəki fəaliyyətindən, o dövrdə yazdığı əsərlərdən söhbət açılıb.
Muzeyin direktoru, Əməkdar incəsənət xadimi, professor Sərdar Fərəcovun “Üzeyir Hacıbəyli və uşaqlar” mövzusunda söhbəti maraqla qarşılanıb. O, bəstəkarın gənclərə qayğısından, musiqimizə sahib çıxmasında göstərdiyi fədakarlıqdan danışıb. Üzeyir bəyin Cümhuriyyət illərində həm bəstəkar, həm ictimai xadim, həm də qələm adamı kimi “Azərbaycan” qəzeti səhifələrində dərc olunan yazılarının hələ gəncliyində ona şöhrət gətirdiyi vurğulanıb.
Qeyd olunub ki, Şərqdə ilk opera (“Leyli və Məcnun”) ilə yanaşı, ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları onu çox məşhurlaşdırıb.
Üzeyir yaradıcılığının zirvəsi “Koroğlu” operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilib.
Böyük bəstəkar həmçinin 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur. Ə.Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz” mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur. “Sevgili canan”, “Sənsiz” romansları isə Müslüm Maqomayevin ifasında Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən hesab olunur.
S.Fərəcov bu böyük bəstəkardan dərs almış bir çox tanınmış musiqi xadimlərindən, eləcə də vaxtilə onun qonşuluğunda yaşamış insanlara münasibətindən də ibrətamiz əhvalatlar danışıb.
“Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlı, şair-publisist Zərəngiz Qayalı və digər çıxış edənlər Üzeyir bəy dühasından bəhs ediblər.
Sonda S.Fərəcov məktəblilərin suallarını cavablandırıb.