Bu günlərdə Naxçıvanda səfərdə olan Böyük Britaniya vətəndaşı Paul Fişer ölkəsinə qayıtdıqdan sonra “Facebook” və “Instagram” sosial şəbəkələrindəki səhifələrində qədim diyar barədə məlumatlar paylaşıb.

O, Naxçıvanın Nuh peyğəmbərin vətəni olması ilə bağlı yazır: “Əfsanəyə görə, Nuh peyğəmbərin gəmisi Ağrıdağı (Türkiyə ərazisində) istiqamətinə hərəkət edib, sonra Haçadağa dəyib və dağın qayalıq zirvəsində haça yaranıb. Naxçıvanın Nuh peyğəmbərin vətəni olması iddia edilir”.

Naxçıvan tarixinə nəzər salan əcnəbi qonaq daha sonra qeyd edir: “Naxçıvan xanlığı Cənubi Qafqazda müstəqil xanlıqlardan biri olub. Türkmənçay müqaviləsi Araz çayının sahillərində fars və rus imperiyalarının sərhədlərini müəyyənləşdirdi. Sonradan bolşeviklər Naxçıvanı Azərbaycanın əsas hissəsindən ayırdılar ki, Türkiyə ilə sərhəd əlaqələri kəsilsin. Zəngəzur kimi tanınan ərazi 1920-ci ildə bolşeviklər tərəfindən Ermənistana verildi...

Naxçıvan tətbiq edilmiş ağır blokadadan əziyyət çəkib. Coğrafi mövqeyi baxımından Azərbaycanın əsas hissəsindən ayrı düşdüyü üçün Naxçıvanda elektrik enerjisi, su və ərzaq çatışmazlığı yaşanıb. Bu gün isə vəziyyət tam fərqlidir. Tikilən yeni yollar, binalar və bərpa edilən tarixi abidələr Naxçıvanda inkişaf edən infrastrukturdan xəbər verir”.

Qədim yurd yeri Qarabağlar kəndində olan qonaq kənddən fotoşəkillər paylaşaraq qeyd edir: “Bu şəkildəki Qarabağlar türbəsinin adını daşıyan sakit kənddir. Səmərqənd şəhərindəki Bibi xanım abidəsinin minarəsinə oxşayan minarələr son dövrlər təmir olunaraq əvvəlki vəziyyətinə qaytarılıb”.