Muxtar Dadaşov “kino mənən saf, canını sənətə fəda edən istedadlı və professional şəxslərin əlində olmalıdır” deyirdi

Ötən yüzillikdə dərin məzmunlu yaradıcılığı ilə xatirələrdə, yaddaşlarda əbədiləşən neçə-neçə sənətkarımız yaşayıb. Belə sənətkarlardan biri kinorejissor, Xalq artisti Muxtar Dadaşov olub.

Muxtar Baba oğlu Dadaşov 1913-cü il sentyabrın 11-də Bakıda doğulub. Erkən çağlardan tale onun yolunu böyük sənət məbədindən salır. Akademik Dram Teatrının səhnəsində görkəmli dramaturq Cəfər Cabbarlının “Sevil” tamaşasında Gündüz rolunu oynayır. Bu, onun həyatında yeni səhifə açır. Qəlbində aktyor olmaq, görkəmli sənət ustaları ilə bir yerdə çalışmaq arzuları baş qaldırır. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında işə düzəlir, rejissor assistenti kimi fəaliyyət göstərir, həmçinin epizodik rollar oynayır.

1931-ci ildə Bakı kinostudiyasında operator assistenti vəzifəsinə dəyişilir. Burada işgüzarlığı ilə tanınır, bir çox sənədli və bədii filmlərin lentə alınmasında fəal iştirak edir. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Sənətin sirlərini dərindən öyrənir, filmlərin çəkilişində iştirak edir.

1936-cı ildə böyük ümid və arzu ilə vətənə dönür. Bakı kinostudiyasında operator işinə qayıdır. Xeyli vaxt sənədli filmlər çəkməklə məşğul olur. Araşdırmalarda göstərilir ki, onun çəkdiyi filmlər həmişə aktual olub. Dövrün ictimai-siyasi hadisələri həmin filmlərin əsas mövzusunu təşkil edib. “Sovet Azərbaycanı”, “Ana yurdum Azərbaycan”,  “Arazın o tayında”, “Sabir”, “Kür”, “Səadət yolu ilə”, “Əbədi qardaşlar” və s. sənədli ekran əsərlərində vətənin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətləri kino dili ilə tərənnüm olunub. 

M.Dadaşov kinonu həyatın aynası adlandırır və deyirdi ki, bu sənət “mənən saf, canını sənətə fəda edən istedadlı və professional şəxslərin əlində olmalıdır”. Doğrudan da, o, kinoya qəlbən bağlı olub. 1953-cü ildə lentə aldığı “Arazın o tayında” filmində qaldırdığı problem bütöv Azərbaycan ideyasından güc alıb. Həmişə bu problem ətrafında düşünüb. Filmlərində kiçik epizod da olsa belə, bu mövzuya toxunub.

1945-ci ildə çəkilən “Arşın mal alan” filmində o, operator köməkçisi olur. Araşdırmalarda göstərilir ki, Xalq artisti Leyla Bədirbəyli bu filmin çəkilişlərindən söz düşəndə M.Dadaşovun işini xüsusi qeyd edərmiş: “Çəkiliş zamanı rejissor Rza Təhmasib məndən soruşdu: “Nəyə görə istəyirsən ki, planlarını, xüsusilə iri planlarını Muxtar Dadaşov çəksin?” Dedim, düzdür, Əlisəttar Atakişiyev təcrübəli operatordur. Ancaq ondan fərqli olaraq Muxtar Dadaşov aktyorun daxili aləminə nüfuz edir. Bu sözlərim Rza Təhmasibin xoşuna gəldi”.

Onu da qeyd edək ki, Muxtar Dadaşov “Kəndlilər”, “Yeni horizont”, “Vətən oğlu”, “Sualtı qayıq T-9” adlı bədii filmlərin çəkilişlərində operator kimi də çalışıb. 

M.Dadaşovun quruluşçu rejissor kimi debütü “Qanun naminə” bədii filmi olub. Film yazıçı Süleyman Rəhimovun “Mehman” povesti əsasında çəkilib. Filmdə əsərdən fərqli olaraq rejissorun fərdi yaradıcılığı maraq doğurur. Bu isə əsərin ideyasına xələl gətirməyib, əksinə, çox uğurlu bir film yaranıb.

Rejissorun digər ekran işi olan “Bakıda küləklər əsir” filmi müharibə mövzusunda çəkilən dəyərli kinolentlərdəndir. O, müharibə mövzusunda hələ 1943-cü ildə “Bakı döyüşür” adlı sənədli film çəkmişdi. Ancaq istedadlı rejissor fantaziyasını bu filmdə yekunlaşdıra bilmir. 1974-cü ildə “Bakıda küləklər əsir” bədii filmini çəkərək istəyinə nail olur. Filmdə xalqımızın müharibə illərində arxa və ön cəbhədə göstərdiyi hünəri, casusların ifşa edilməsi, qəhrəman çekistlərin ayıq-sayıqlığı nəticəsində Bakının neft mədənlərinin partladılmasının qarşısının alınması ustalıqla əks etdirilir.

O həm də araşdırıcı rejissor olub. Çəkdiyi tarixi filmlər üçün əvvəlcə zəngin material toplayır. Bir daha alimlərlə məsləhətləşir və sonra onları lentə alır.  “Nəriman Nərimanov” sənədli filminin çəkilişi zamanı da belə olub. N.Nərimanovun Genuya konfransındakı (1922) çıxışını əks etdirən kadrları Moskva arxivlərindən əldə edir. Sonra həmin kadrları  filmdə canlandırır.

Muxtar Dadaşov ömrünün son illərinə qədər böyük həvəslə filmlər çəkir. Çəkilişlərdə həm də bir  məsləhətçi kimi iştirak edir. Beləliklə, öz rejissorluq məktəbini yaradır. Onun yaradıcılığı Azərbaycan kinosunun 50 ildən artıq bir dövrünü əhatə edir. Ekran əsərləri bir çox ölkələrdə göstərilib. Onun “Səadət yolu ilə” sənədli filmi Moskvada Ümumittifaq festivalında qızıl medala, “Nəriman Nərimanov” filmi isə Tiflisdə xüsusi mükafata layiq görülüb.

Rejissorun gərgin və yaradıcı əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi (1960), Xalq artisti (1976) fəxri adlarına, Dövlət mükafatına (1980) və müstəqil Azərbaycanın “Şöhrət” ordeninə layiq görülüb. Görkəmli sənətkar 7 may 1998-ci ildə vəfat edib. Əbədiyyətə qovuşmasından illər  ötsə də, bu gün də sənətsevərlər tərəfindən hörmət və məhəbbətlə yad edilir.

Savalan FƏRƏCOV