Azərbaycan pavilyonu xüsusi maraq doğurub
Niderland Krallığının Haaqa şəhərində “Səfirliklər festivalı” (“Embassy Festival”) keçirilib. Festival bu ölkədə akkreditə olunmuş 70-dən çox səfirliyin birgə təşkilatçılığı ilə reallaşıb.
Müxtəlif ölkələrin mədəniyyətlərinin təqdim edildiyi tədbirə Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyi də qatılıb. Azərbaycan pavilyonunda milli mətbəxin ləziz təamları və içkiləri təqdim edilib, ziyarətçilərə ölkəmizin mədəniyyəti, incəsənəti, gəzməli-görməli yerləri haqqında məlumat verilib, broşürlər paylanıb.
Festivala 35 minə yaxın insan gəlib. Ziyarətçilər Azərbaycanın məhsullarına və kulinariya nümunələrinə heyranlıqlarını bildirib, ölkəmizin mədəniyyəti ilə daha yaxından tanış olmaq arzularını dilə gətiriblər.