Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfəri gedişində iki ölkənin müvafiq nazirlikləri arasında 2018-2020-ci illər üzrə mədəni əməkdaşlığa dair proqram imzalanıb

Sentyabrın 6-da Xorvatiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ölkənin başçısı xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirib.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra iki ölkə prezidentlərinin iştirakı ilə Azərbaycan-Xorvatiya sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair Proqram”ı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya Respublikasının mədəniyyət naziri xanım Nina Obuljen Korzinek imzalayıblar.

İki ölkənin Kənd Təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumu Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov və Xorvatiya Kənd Təsərrüfatı Nazirliyində dövlət katibi xanım Mariya Vuçikoviç tərəfindən imzalanıb.

* * *

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər.

Xorvatiya rəhbəri Azərbaycan Prezidentini və nümayəndə heyətini salamlayaraq səfərin həm xoş, həm də məhsuldar olacağına ümidvar olduğunu bildirib. O, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Azərbaycanın dövlət başçısının 2013-cü ildə Xorvatiyaya və  özünün 2016-cı ilin oktyabrında Azərbaycana rəsmi səfərini xatırladan Kolinda Qrabar-Kitaroviç deyib: “Biz dost ölkələrimiz arasında bir çox birgə işlər görmüşük. Xorvatiya Azərbaycanı özünün mühüm strateji tərəfdaşı hesab edir. Biz bu gün əməkdaşlığımızın bir sıra sahələrində mövcud olan böyük potensial haqqında danışdıq. Biz, həmçinin siyasi məsələlər üzrə fikir mübadiləsi apardıq, o cümlədən enerji, iqtisadiyyat, mədəniyyət, elm-texnologiya, təhsil və əlbəttə ki, xalqlarımız arasında birbaşa təmasların inkişafı haqqında danışdıq. Mən bu gün imzalanmış sənədləri vacib hesab edirəm, alqışlayıram və bu, bizim ikitərəfli münasibətlərimizə təkan verəcək”.

 

Xorvatiyanın Bakıda səfirliyi açılacaq

 

Xanım Qrabar-Kolinda bildirib ki, Azərbaycan və Xorvatiya əsl dostlardır. Qeyd edib ki, biz, Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli qaydada münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı mövqeyini yüksək dəyərləndiririk: “Biz, həmçinin iqtisadi əməkdaşlığa da toxunduq. İnanıram ki, biz bunu inkişaf etdirə bilərik. Çünki bu sahədə hazırkı vəziyyət hələ o qədər də istənilən səviyyədə deyil. Bildiyiniz kimi, iqtisadi əməkdaşlıqla bağlı Azərbaycan ilə Xorvatiya arasında qarşılıqlı komissiya öz işini aparır. İşin əsas məqsədi ikitərəfli layihələr irəli sürməkdən, onları həyata keçirməkdən ibarətdir. Biz kənd təsərrüfatı, informasiya texnologiyaları, yeyinti məhsullarının emalı sahələrində də əməkdaşlığı inkişaf etdirməyə ümid edirik”.

Vurğulanıb ki, Xorvatiya gələcəkdə bu regionun daha inkişaf etmiş qovşağına çevriləcək. Bunun üçün biz istərdik ki, Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində də iştirak edək. Xorvatiya güclü iradəyə əsaslanaraq Cənub və Mərkəzi Avropa ölkələri ilə Xəzər hövzəsi arasında daha geniş əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdardır. Azərbaycan əslində, bu təşəbbüsü dəstəkləyib. Bu təşəbbüsə digər tərəfdaşlar da, maraqlı dövlətlər də qoşula bilər. Bu təşəbbüsdə dünyanın müxtəlif şirkətləri iştirak edə bilər.

Prezident sonda onu da diqqətə çatdırıb ki, indiyədək Xorvatiyanın Azərbaycanda müvəqqəti diplomatik ofisi fəaliyyət göstərib və o, ölkəmizdə səfirlik açmaq barədə qərar qəbul edib. Kolinda Qrabar-Kitaroviç bildirib ki, bununla bağlı Azərbaycana səfir təyin edəcək.

 

Xorvatiya və Azərbaycan strateji tərəfdaşlardır

 

Prezident İlham Əliyev göstərilən qonaqpərvərliyə görə həmkarına təşəkkürünü bildirərək deyib: “Bizim siyasi dialoqumuz çox fəal aparılır. Xanım Prezident qeyd etdiyi kimi, biz tez-tez görüşürük. İki il bundan əvvəl xanım Prezident Azərbaycanda rəsmi səfərdə idi. Səfər çox uğurlu keçmişdir və çox gözəl nəticələri olmuşdur. Keçən il biz bir beynəlxalq konfrans çərçivəsində görüşmüşdük. Bu gün də mən Xorvatiyadayam. Bu, onu göstərir ki, Xorvatiya və Azərbaycan doğrudan da strateji tərəfdaşlardır”.

Azərbaycan rəhbəri vurğulayıb ki, biz Xorvatiya ilə daha böyük həcmdə ticarət əməliyyatları aparmaq istəyirik: “Ticarət dövriyyəsinin nə həcmi, nə də strukturu bizi qane edə bilməz. Hesab edirəm ki, hökumətlərarası komissiya bu məsələ ilə bağlı çox ciddi fəaliyyət göstərəcək. Yaxın zamanlarda həm ticarət dövriyyəsinin artırılması, eyni zamanda, müştərək investisiya layihələri də icra edilə bilər”.

Diqqətə çatdırılıb ki, bu ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub. İyun ayında TANAP layihəsinin açılışı gerçəkləşib: “Beləliklə, əminəm ki, yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Əlbəttə ki, Xorvatiya ilə bu sahədəki əməkdaşlıq çox önəmlidir. Bizim aramızda bu məsələ ilə bağlı memorandum da imzalanmışdır. İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılmaqdadır”.

Qeyd edilib ki, keçən ilin oktyabr ayında Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı olub. Bu yol nəinki Azərbaycanı Türkiyə ilə birləşdirir, Asiyanı Avropa ilə birləşdirən yeni yoldur, yeni nəqliyyat damarıdır, ən qısa yoldur. Bu yol artıq fəaliyyətdədir. Göndərilən yüklərin həcmi hər gün artır və Azərbaycan Avrasiyanın nəqliyyat xəritəsinə də öz dəyərli töhfəsini verib: “Ümid edirəm ki, xorvatiyalı tərəfdaşlarımız bu yoldan da istifadə edə biləcəklər. Çünki bu, nəqliyyat və iqtisadi sahələrdə çox gözəl layihədir. Bu gün, xanım Prezident qeyd etdiyi kimi, bir çox sahələrdə gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Əczaçılıq, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma sahələrində bütün istiqamətlər üzrə, əminəm ki, yaxşı nəticələr olacaq. Müvafiq göstərişlər verildi. Əminəm ki, hökumətlərarası müştərək komissiya bütün bu göstərişləri vaxtında və yüksək səviyyədə icra edəcək”.

* * *

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqrebdə “Xorvatiya Qurbanlarının Səsi-Ağrı Divarı” abidəsini ziyarət edib. Dövlətimizin başçısı abidənin önünə əklil qoyub.

Həmin gün Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə işçi nahar edib. Dövlət başçısı həmçinin Xorvatiya Respublikası parlamentinin sədri Qordan Yandrokoviç ilə görüşüb.