“YARAT” Film klubunda görkəmli rejissor Həsən Seyidbəylinin “Nəsimi” tarixi filmi kinosevərlərə təqdim edilib.
Tədbirin qonağı Xalq artisti Əbdül Mahmudov olub. O, filmin çəkiliş prosesi, yaradıcı mühiti ilə bağlı fikir və xatirələrini bölüşüb.
Xatırladaq ki, 1973-cü ildə ekranlara çıxan film Azərbaycan xalqının görkəmli şairi və mütəfəkkiri, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hislərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin (1369-1417) anadan olmasının 600 illiyinə həsr edilib.
Ekran əsəri 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında “Ən yaxşı tarixi film” mükafatına layiq görülüb. Əsas rolun ifaçısı, Xalq artisti Rasim Balayev də mükafatlandırılıb.