Sentyabrın 28-də Heydər Əliyev Sarayında “Səyyah Sindibad” rok-operası təqdim olunacaq. Saraydan bildirilib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə ərsəyə gələn və Azərbaycanın musiqi mədəniyyəti tarixində bir ilk olan bu əsərin müəllifi bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanovdur.
Operanın adı məşhur “Min bir gecə nağılları”nın ən maraqlı hissələrindən olan “Dəniz səyyahı Sindibadın nağılı”ndan götürülüb.
Multikultural layihə olan rok-operada dünya klassiklərinin şeirlərindən nümunələr, Azərbaycan, rus, ingilis, italyan, çex dillərində mətnlər və eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri yer alıb.
Səhnə əsərində Mikayıl Rəfiyev (Sindibad), Gülşən İbadova (Zöhrə), Emil Minyaşev (Qoruyucu mələk), Rizvan Sədirxanov (Bosman) çıxış edirlər. Həmçinin tanınmış musiqiçilər Azər Rza, Cavid Səmədov, Şamil Kərimov, Yuliya Motorina, Mila Rzayeva, İsmayıl Yakubov, İlham Nəzərov, Nərgiz Əlizadə, Ədalət Şükürov və digər ifaçılar çıxış edirlər.
Rok-operanın musiqi prodüseri Emil Minyaşev, rəssamı Marina Kuznetsovadır. Musiqinin bir çox janrlarının yer aldığı əsər 40 dəqiqə davam edəcək.
Qeyd edək ki, əsərin müəllifi Rizvan Sədirxanov ölkəmizdən kənarda musiqi sənətimizin layiqli nümayəndəsi kimi tanınır. O, İtaliyada musiqi təhsili alıb, Benyamin Cili adına tenorlar müsabiqəsində xüsusi mükafata layiq görülüb. Mədəniyyət Nazirliyinin dəstəyi ilə dünya klassik musiqisinin incilərinin, Azərbaycan və xarici ölkə şairlərinin sözlərinə bəstələnmiş müxtəlif dillərdə mahnıların toplandığı “Səmimi qəlbdən” və “Şairin ürəyi” adlı iki musiqi albomu işıq üzü görüb. Rizvan Sədirxanovun İtaliya, Rusiya, Türkiyə və İsraildə konsertləri, musiqi tədbirlərində çıxışları, ustad dərsləri baş tutub.