30-dək ölkənin təmsil olunduğu sərgidə Azərbaycan stendinə də böyük maraq var
Sentyabrın 5-də 31-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası işə başlayıb. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin iştirakı ilə ölkəmiz sərgi-yarmarkada təmsil olunur.
Moskvadakı “Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi”nin (VDNX) 75-ci pavilyonunda təşkil olunan tədbirdə Rusiya Federasiyasından 300-dən çox və dünyanın 30-dək ölkəsindən 150-dək nəşriyyat-poliqrafiya müəssisəsi, eləcə də digər aidiyyəti qurumlar iştirak edir.
Sərgi-yarmarkada ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi, Qarabağ həqiqətləri haqqında 150-dən çox adda nəşr məhsulunun təqdim edildiyi Azərbaycan stendi ilk gündən ziyarətçilərin diqqətini cəlb edib. Kitabsevərlərlə yanaşı, müxtəlif nəşriyyatların və təşkilatların nümayəndələri də stendimizə maraq göstərir, onlarla görüş zamanı gələcək əməkdaşlıq imkanları müzakirə olunur.
2019-cu ildə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində təşkili nəzərdə tutulan “Avrasiya ədəbiyyat festivalı” ilə bağlı danışıqların aparılması məqsədilə festivalın təşkilatçısı olan Avrasiya Xalqları Assambleyasının Ədəbiyyat şurasının sədri Marqarita Viktorovna Almuxametova ilə görüş keçirilib. Görüşdə festivalın təşkili imkanları, tərəflərin üstünə düşən vəzifələrin dəqiqləşdirilməsi və digər təşkilati məsələlərin müzakirəsi aparılıb.
Məsələ ilə bağlı daha bir görüşün 8 sentyabrda Avrasiya Xalqları Assambleyasının Layihələr departamentinin rəhbəri Tatyana Fyodorova ilə keçirilməsi nəzərdə tutulub.
31-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində müxtəlif görüşlər, təqdimatlar keçirilir. Sentyabrın 7-də MDB ölkələri üzrə ənənəvi “Kitab sənəti” beynəlxalq müsabiqəsinin mükafatları təqdim olunacaq.
Sərgi-yarmarka sentyabrın 9-da başa çatacaq.