“Şabran şəhəri” Tarixi qoruğu ərazisində arxeoloji qazıntı işlərinin növbəti mərhələsinə başlanılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəhbəri Səfər Aşurov bildirib ki, ilkin tədqiqatlar nəticəsində çay daşları ilə döşənmiş küçələr və divar qalıqları aşkar olunub. Qazıntı ərazisində su borusu yerləri, çox sayda qırmızı, yaşıl və göy boya ilə rənglənmiş saxsı qablar üzə çıxıb. Arxeoloqlar ərazidə, həmçinin kəhriz olması ehtimal edilən bişmiş kərpicdən tikili də üzə çıxarıblar.
Tədqiqat işləri zamanı Şabrançay çayına qədər olan 900 metr məsafədə ərazi tamamilə öyrəniləcək.
Tədqiqatlar başa çatdıqdan sonra mütəxəssislər arxeoloji qazıntıların əhəmiyyəti barədə rəy verəcək.
Qədim Şabran şəhərinin ərazisi 2003-cü ildə tarix-memarlıq qoruğu elan edilib.