Qırğızıstanda keçirilən III Dünya Köçəri Oyunlarında Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunur. Oyunlar çərçivəsində İssık-Kul gölünün sahilində “Kırçın” etnoşəhərciyində “Köçərilərin qızıl əsri” adlı teatrlaşdırılmış şou təşkil olunub.
Tədbirdə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Macarıstanın Baş naziri Viktor Orban, hökumət və parlament üzvləri, elm, mədəniyyət, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dünya Köçəri Oyunlarına Azərbaycandan qonaq kimi dəvət olunan Milli Məclisin deputatı Hikmət Babaoğlu, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev də tədbirdə iştirak ediblər.
Meydanda 1000-dən çox yurt – çadır salınıb, mərasim iştirakçıları burada qırğız xalqının tarixi, adət-ənənələri və milli mətbəxi ilə tanış olublar.
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov III Dünya Köçəri Oyunlarının başlaması münasibətilə iştirakçıları təbrik edib. Dövlət başçısı Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının altıncı zirvə görüşünün uğurla gerçəkləşdiyini də diqqətə çatdırıb.
“Biz daha yaxından əməkdaşlıq etmək haqqında ümumi qərara gəldik. Mən çox şadam ki, estafeti Türkiyəyə verdik və 2020-ci ildə Köçəri Oyunları bu ölkədə keçiriləcək”, - deyə Sooronbay Jeenbekov bildirib.
Sonra qırğız çaparları teatrlaşdırılmış şou göstərib, tədbir geniş konsert proqramı ilə başa çatıb.
* * *
III Dünya Köçəri Oyunlarına 30-dan çox idman növü üzrə 80-dək ölkədən idmançılar qatılıb. Azərbaycan idmançıları III Dünya Köçəri Oyunlarında uğurla çıxış edirlər.
Kəmər güləşi yarışlarında Gözəl Zotova gümüş medal qazanıb, Elməddin Ramazanov bürünc medala layiq görülüb.
Qol güləşi yarışında 105 kiloqram çəki dərəcəsində Rəşad İsrafilov və Rüstəm Qurbanov hər biri gümüş və bürünc medallara sahib olublar.
Həmçinin 95 kiloqram çəki dərəcəsində Elsevər Xasıyev və Zöhrab Məsimov bürünc medallar qazanıblar.
Pəhləvan güləşi yarışlarında Cəlal Süleymanov (70 kq) və Roman Bəkirov (90 kq) millimizin aktivinə iki bürünc medal yazdırıb. Sentyabrın 6-da Azərbaycan idmançısı Cəlal Süleymanov (60 kq) milli güləş növü üzrə yarışda qızıl medal qazanıb. Beləliklə, Azərbaycan milli komandası III Dünya Köçəri Oyunlarında qazandığı medalların sayını 14-ə çatdırıb. Medalların 1-i qızıl, 5-i gümüş, 8-i bürüncdür.
III DünyaKöçəriOyunları sentyabrın 8-də başa çatacaq.