Bilik gününə həsr olunmuş rəsm sərgisi
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 15 sentyabr – Bilik gününə həsr olunmuş “Mənim yaradıcılığım” adlı uşaqların rəsm sərgisi keçirilib.
Muxtar respublika Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə birliyin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva çıxışında bildirib ki, bu gün cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən dövlət uşaq siyasəti uğurla davam etdirilir. Uşaqların istedadlarının üzə çıxarılması, mənəvi inkişafı, onların asudə vaxtlarının düzgün təşkili, cəmiyyətin mədəni həyatındakı iştiraklarını təmin etmək bu siyasətin tərkib hissəsidir.
Təhsil Nazirliyinin əməkdaşı Ayşən Əsgərova vurğulayıb ki, muxtar respublikada uşaqlar milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, təhsil, idman, mədəniyyət, incəsənət və digər sahələrdə uğurlar əldə edirlər. Onlar rəssamlıq sənətinə də böyük maraq göstərirlər. Uşaqların gələcəkdə yaxşı sənət adamı kimi formalaşmasında belə tədbirlər əhəmiyyətli rol oynayır.
Əl işləri ilə fərqlənən balaca rəssamlara diplomlar təqdim edildikdən sonra sərgiyə baxış keçirilib. Sərgidə 38 istedadlı uşağın 100-ə yaxın əl işi nümayiş olunub. Uşaqların ebru, yağlı və sulu boya, rəngli qələm vasitəsilə təbiət mənzərələrindən tutmuş cizgi filmlərinin qəhrəmanları da daxil olmaqla əl işləri nümayiş etdirilib.