Gürcüstanda yaşayan soydaşlarımızın ana dilində dərsliklərlə təmin olunması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qonşu ölkəyə 2018-2019-cu tədris ili üçün Azərbaycan dili və ədəbiyyatı kitabları göndərilib.

Dərsliklər sentyabrın 8-də Azərbaycanın Tbilisidəki səfirliyi vasitəsilə Gürcüstanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinə təqdim olunub.

Nazirliyin Məktəbəqədər və ümumtəhsil departamentinin rəisi Mariam Çikobava deyib ki, iki ölkənin nazirlikləri arasında imzalanmış əməkdaşlığa dair protokola əsasən Azərbaycan tərəfi bizim ölkənin vətəndaşları olan azərbaycanlılar üçün müxtəlif dərslik və metodik vəsaitlər göndərir. Gürcüstan tərəfi də Azərbaycandakı gürcüdilli məktəbləri dərsliklərlə təmin edir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul əməkdaşı Qüdsi Seyfulla jurnalistlərə bildirib ki, 1994-cü ildən indiyədək Gürcüstanda I-XI siniflərdə təhsil alan soydaşlarımız üçün 550 minədək müxtəlif adda dərs vəsaiti göndərilib. Bu dəfə 24 mindən çox kitab gətirilib.

Kitabların təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Fəxri Hacıyev iştirak edib.