ABŞ-ın Kaliforniya Ştat Senatının dəvətinə əsasən Azərbaycan musiqiçilərinin iştirakı ilə Senatda geniş konsert proqramı keçirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan bildirilib ki, konsertdə azərbaycanlı vokalçı Mərziyyə Hüseynova, pianoçu Aida Elxanzadə və Sakramento Gənclər Simfonik Orkestrinin skripkaçısı Lida Qafarın ifalarında Azərbaycan və Avropa klassik musiqi əsərləri səsləndirilib.

Los-Ancelesdəki baş konsulluğun dəstəyi, Kaliforniya Ştat senatoru Riçard Panın və Sakramentodakı Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən konsertə ştatın qanunverici orqanlarının təmsilçiləri, elm, təhsil və mədəni ictimaiyyətin nümayəndələri tamaşa ediblər.

Konsertdən öncə çıxış edən senator Riçard Pan bu cür önəmli mədəniyyət tədbirinin Kaliforniya Senatında təşkilindən məmnun olduğunu bildirib.

Konsul Orxan Rüstəmli ölkəmiz haqqında məlumat verib, xalqımızın qədim tarixə, zəngin mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb.

Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bu tədbir Kaliforniya Ştat Senatında Azərbaycan musiqiçilərinin iştirakı ilə keçirilən ilk konsert kimi tarixə düşüb.