Modelyer-dizayner Gülnarə Xəlilovanın kolleksiyası maraqla qarşılanıb
Xəbər verdiyimiz kimi, Qırğızıstanın İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərində sentyabrın 2-dən 8-dək III Dünya Köçəri Oyunları keçirilib.
30-dan çox idman növü üzrə 80-dək ölkədən idmançıların qatıldığı tədbirin mədəni proqramı da zəngin olub, həmçinin etnomədəniyyət festivalı təşkil edilib.
“Nomad” Mədəniyyət mərkəzində müxtəlif ölkələrdən gəlmiş modelyerlərin kolleksiyasından nümunələr nümayiş etdirilib və musiqi kollektivlərinin böyük konserti olub. 30-dan çox ölkənin dizaynerləri milli və müasir geyimlərini, ifaçılar isə öz milli musiqilərini təqdim ediblər.
Tədbirdə Azərbaycanı Mədəniyyət Nazirliyinin dəstəyi ilə modelyer-dizayner Gülnarə Xəlilova, Xalq artisti Samir Cəfərov, Əməkdar artist Afaq Abbasova və gənc xanəndə Səbinə Ərəbli təmsil edib. İfaçılar xalq və bəstəkar mahnılarımızı, romans və təsnifləri səsləndiriblər. Onların çıxışları alqışlarla qarşılanıb.
Gülnarə Xəlilovanın 10 müasir geyimdən ibarət kolleksiyası iştirakçıların böyük marağına səbəb olub. Tədbirdə Azərbaycanın media nümayəndələri də iştirak ediblər.
Gülnarə Xəlilova 2014-cü və 2015-ci illərdə Çin Xalq Respublikasının Urumçi şəhərində Moda həftəsinin mükafatlarına layiq görülüb. Modelyer-dizaynerin kolleksiyası “Bakı-2015” Avropa Oyunlarının təqdimatı çərçivəsində Londonda nümayiş etdirilib. 2015-ci ilin iyulunda o, Rusiyanın İrkutsk şəhərində VI Beynəlxalq Etnik Kostyumu Festivalında milli geyim kolleksiyasından nümunələr təqdim edib. 2016-cı ilin noyabrında Rumıniyanın Yassi şəhərində ənənəvi Moda həftəsində “Xalçaların dili” geyim kolleksiyasını nümayiş etdirib və mükafata layiq görülüb.
Modelyer-dizayner geyim ənənələrinə, o cümlədən milli geyim tariximizə həsr olunan bir neçə kitabın, ali məktəblər üçün dərsliyin və kataloqların müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. O, Heydər Əliyev Fondunun və Azərbaycan Televiziyasının birgə layihələri əsasında keçirilən muğam müsabiqələrində aparıcıların milli geyimlərinin tərtibatını verib.