Azərbaycan Dövlət Musiqili Teatrında “Gənclər nə istəyir?” mövzusunda teatr rəhbərliyi ilə gənclərin ənənəvi görüşü keçirilib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, görüşdə gənclərin bir sıra yeni ideyaları, təklifləri dinlənilib, 109-cu mövsümdə nümayiş olunacaq yeni tamaşalar barədə ətraflı söhbət aparılıb. Gənclər ötən mövsümdə gördükləri işlərin hesabatını verib, yeni yaradıcılıq planları üçün məsləhətlər alıblar.
Baş baletmeyster, Əməkdar artist Zakir Ağayev, baş dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, baş xormeyster, Əməkdar artist Vaqif Məstanov, truppa müdiri, Əməkdar mədəniyyət işçisi Vidadi Həsənov da gənclərin irəli sürdüyü təkliflərlə bağlı tövsiyələrini veriblər.
Rejissor assistenti Elməddin Dadaşov, gənc rejissor Zaur Əliyev, balet artisti Məhəmməd Abdullayev, bəstəkar Aydan Əliyeva həyata keçirmək istədikləri yeni layihələr barədə danışıblar. Gənc aktyorlardan Əmrah Dadaşov, Gültac Əlilinin teatra tamaşaçı marağının artırılması istiqamətində irəli sürdükləri bəzi təkliflər bəyənilib.
Direktor Əliqismət Lalayev bildirib ki, teatrımız hər zaman gənclərə xüsusi diqqətlə yanaşır, onlara etimad göstərir. Demək olar ki, repertuardakı bütün tamaşalarda baş və əsas rollarda çıxış edənlərin, beynəlxalq müsabiqələrdə iştirak edənlərin əksəriyyəti gənclərdir. Son vaxtlar kollektivə müsabiqə yolu ilə daxil olan aktyorlar, balet artistləri, musiqiçilər, hətta texniki işçilərin seçilməsində kəmiyyət deyil, keyfiyyət nəzərə alınır. Arzu edirik ki, etibar etdiyimiz gənclər səhnədə öz dəst-xətti ilə seçilsin, ümidlərimizi doğruldaraq tamaşaçıların sevimlisinə çevrilsinlər.
Sonda gənclərin təklifləri əsasında yeni tamaşaların hazırlanması üçün bədii şuraya müraciət olunması barədə qərar verilib.