Festivalın münsiflər heyətinə azərbaycanlı rejissor rəhbərlik edib
Türkiyənin ən gözəl guşələrindən olan Safranboluda (Karabük vilayəti) keçirilən 19-cu Beynəlxalq Sənədli Film Festivalı başa çatıb.
Safranbolu festivalı Türkiyədə sənədli filmlərin yarışdığı yeganə platformadır. Bu baxımdan festival kinosevərlər, eləcə də yerli sakinlər və bölgənin qonaqları üçün mühüm hadisə hesab olunur. Builki festival da, ənənələrə uyğun olaraq, əsl bayram ovqatında keçib.
Açılış mərasimində çıxış edən Safranbolu rayonunun rəhbəri Fatih Ürkmezer beynəlxalq festivalın miqyasının ilbəil genişləndiyini bildirib.
Builki festivalda “Məhəllə mədəniyyəti” mövzusu diqqət mərkəzində olub. Məhəllə mədəniyyətinin televiziyada öz əksini tapması mövzusuna həsr olunmuş paneldə vaxtilə Türkiyədə çox populyar olan serialların tanınmış aktyorları məhəllə mədəniyyətinin qorunmasının əhəmiyyətini qeyd ediblər.
Nüfuzlu jürinin qərarı ilə müxtəlif nominasiyalarda müəyyən edilən qaliblərin adı açıqlanıb.
Builki festivalda Azərbaycanı təmsil edən filmlər qaliblər arasında olmasa da, tədbirin münsiflər heyətinə azərbaycanlı rejissor və prodüser Nadir Maçanov rəhbərlik edib.
19-cu Safranbolu Beynəlxalq Sənədli Film Festivalı fəxri mükafatların təqdim edilməsi ilə yekunlaşıb.