Muzey əşyalarının etibarlı qorunması tarixi-mədəni mirasın gələcək nəsillərə çatdırılması üçün zəruridir
Çağımızda hər gün innovativ yeniliklərlə qarşılaşsaq da, təhlükəsizlik məsələləri hər zaman aktuallıq kəsb edir. İstər insanların həyatı və sağlamlığı olsun, istərsə də ayrı-ayrı obyektlərin, tikililərin və s. təhlükəsizliyi. Bu baxımdan tarixi-mədəni irsin, qiymətli eksponatların qorunduğu məkanların – muzeylərin, qalereyaların, arxiv və digər saxlanc yerlərinin təhlükəsiz fəaliyyətinə xüsusi diqqət yetirilir. Bu həm ziyarətçilərin eksponatlara vura biləcəyi hər hansı ziyanı, həm də yanğın və digər təhlükəsizlik məsələlərini əhatə edir.
Belə bir təhlükə ilə bu günlərdə (2 sentyabr) Rio-de-Janeyro şəhərində yerləşən Braziliya Milli Muzeyi üzləşdi. 200 illik tarixi olan muzeydə 20 milyondan çox eksponat saxlanılırdı. Onların böyük əksəriyyəti yanaraq məhv oldu.
Bu ilin mayında Moskvadakı Dövlət Tretyakov Qalereyasında görkəmli rus rəssamı İlya Repinin xüsusi şüşə arxasında nümayiş olunan “İvan Qroznı və onun oğlu İvan” tablosu vandal hücumuna məruz qalmışdı. Nəticədə məşhur əsər bir neçə yerdən korlanıb və onun bərpa prosesi aylarla (bəlkə də illərlə) sürə bilər.
Belə halların baş verməməsi üçün hansı tədbirlər görülməlidir? Bu baxımdan ölkəmizdəki muzeylər necə qorunur? Məsələ ilə bağlı paytaxtımızda fəaliyyət göstərən böyük muzeylərlə əlaqə saxladıq.
Zəngin ekspozisiyaya sahib olan AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində tariximizin müxtəlif dövrlərinə aid 300 mindən çox maddi mədəniyyət nümunəsi var. Muzeyin ekspozisiyanın təhlükəsizliyi üzrə direktor müavini Həbibə Əliyeva bizimlə söhbətində vurğuladı ki, muzeydə mühafizə və təhlükəsizliyin təmin olunması hər zaman diqqət mərkəzində saxlanılır: “Muzeyə gələn qonaqlar ilk olaraq girişdə mühafizəçi tərəfindən yoxlanılır. Onların özləri ilə gətirdiyi əşyalarla muzeyə daxil olması qadağandır. Həmin əşyalar ziyarətçilərdən götürülür və geri qayıdanda özlərinə təqdim olunur. Hətta onların su şüşələri ilə muzeyə daxil olması belə yasaqdır. Bu məsələ ziyarətçilər tərəfindən hər hansı eksponata vurula biləcək ziyanın qarşısının alınması üçün önəmlidir. Bundan əlavə, muzeydə əksər eksponatlar xüsusi vəziyyətdə mühafizə olunur. Belə ki, eksponatların böyük bir qismi xüsusi şüşə vitrinlərdə sərgilənir. Bu vitrinlər siqnalizasiya ilə təchiz edilməklə yanaşı, həm də zərbəyədavamlıdır. Yəni ziyarətçilərin həmin vitrinləri sındıraraq hər hansı eksponata ziyan vurmaq imkanları tam məhdudlaşdırılıb”.
Müsahibim deyir ki, muzeyin daxilindəki bütün otaqlar təhlükəsizlik kameraları və siqnalizasiya sistemi ilə təmin olunub. Həmçinin yanğına qarşı mühafizə tədbirləri görülüb. Yanğından mühafizə ilə bağlı muzeyin əməkdaşları üçün təlimlər keçirilir. Onlara yanğın və digər təhlükəli məqamlarda davranış qaydaları öyrədilir.
Həbibə Əliyeva onu da vurğuladı ki, təhlükəsizlik, yanğından mühafizə sisteminin daha da təkmilləşdirilməsi, yenidən qurulması üçün muzeydə bərpa işlərinə başlanılıb.
* * *
Azərbaycan Xalça Muzeyində 10 minə yaxın eksponat qorunub saxlanılır. Muzeydə təhlükəsizliyin təmin olunması elə giriş qapısından başlayır. Muzeyin baş mühafizi Mira Məmmədxanova deyir ki, bina siqnalizasiya və təhlükəsizlik kameraları ilə tam təchiz olunub. Mühafizə işinə, həm daxili təhlükəsizlik işçiləri, həm də mühafizə polisinin əməkdaşları nəzarət edir. Muzeydə “yeriyən siqnalizasiya” da quraşdırılıb. Bu siqnalizasiya muzeydə iş vaxtı bitəndən sonra, əgər orada kimsə qalarsa, həmin şəxs hərəkət etdiyi an işə düşür.
Muzeydə təhlükəsizliyin təmin olunması, xüsusilə yanğından mühafizə məqsədilə mütəmadi təlimlər keçirilir. Yanğın zamanı əməkdaşların həyata keçirəcəkləri fəaliyyət, insanların təxliyə olunması kimi məsələlər daha da təkmilləşdirilir.
* * *
Azərbaycan Milli İncəsənət Muzeyinin baş mühafizi Nailə Rəhimova deyir ki, təhlükəsizlik və mühafizənin təşkili muzey sərvətləri və muzey kolleksiyalarının uçotu və mühafizəsinə dair təlimata uyğun olaraq aparılır. Muzey 24 saat fəaliyyət göstərən yanğın-siqnalizasiya sistemi ilə təchiz olunub, müasir video-müşahidə sistemi qurulub. Burada eyni zamanda yanğından mühafizə olunmaq üçün bütün vacib təlimatlara əməl edilir. Bu istiqamətdə mütəmadi olaraq əməkdaşlar üçün təlimlər keçirilir.
Nailə Rəhimovanın sözlərinə görə, digər muzeylərdə olduğu kimi, Milli İncəsənət Muzeyində də ziyarətçilər girişdə yoxlanılır. Onlara muzey eksponatlarına toxunmamaq haqqında xəbərdarlıq edilir. Həmçinin muzeyin ekspozisiya zallarında olan muzey nəzarətçiləri eksponatların qorunmasına bilavasitə nəzarət edirlər.
Muzey əşyalarının etibarlı qorunması ilə bağlı həyata keçirilən təhlükəsizlik tədbirləri tarixi-mədəni mirasın gələcək nəsillərə çatdırılması üçün zəruri məsələdir. Tarixinə sahib çıxmaq həm də gələcəyə sahib olmaqdır...
Fariz HÜSEYNOV