Rusiya paytaxtında ənənəvi Şəhər günü müxtəlif tədbirlərlə qeyd edildi

8-9 sentyabr tarixində Moskvada ənənəvi Şəhər günü tədbiri rəngarəng tədbirlərlə qeyd olundu. Tarixi salnamələrə görə, əsası 1147-ci ildə qoyulan Moskvada ilk dəfə 1847-ci il yanvarın 1-də 700 illik yubiley mərasimi keçirilib.

Şəhərin növbəti yubileyi isə 100 il sonra qeyd olunub. 7 sentyabr 1947-ci ildə şəhərin 800 yaşı münasibətilə keçirilən mərasim gecə saatlarınadək davam etmiş və atəşfəşanlıqla başa çatmışdı.

1997-ci ildən başlayaraq sentyabrın əvvəlində (birinci və ya ikinci şənbə günü) Rusiya paytaxtında Şəhər günü böyük təmtəraqla qeyd olunur. Şəhər günü artıq xalq bayramına çevrilib və şəhər sakinləri ilə yanaşı, çoxsaylı qonaqlarda da böyük maraq doğurur.

Builki bayramın mövzusu “Xeyirxah Moskva” adlanırdı. Tədbirlərin əsas məkanı Tver küçəsi, Puşkin və Teatral meydan, “Poklonnaya qora” xatirə-park kompleksinin ərazisi, Qorki adına park, ötən il istifadəyə verilən məşhur “Zaryadye” parkı və digər məkanlar oldu. Bundan başqa, konsert proqramları və xalq gəzintiləri parklar, istirahət zonaları, inzibati dairələr, meydanlar və Moskvanın rayonlarında da baş tutdu. Bu tədbirdə ənənəvi olaraq xeyriyyə fondları və ictimai təşkilatlar iştirak edir.

Şəhərin müxtəlif parklarında və meydanlarında qonaqlar və yerli sakinlər üçün konsert və teatr proqramları, şou-proqramlar, sirk tamaşaları, müxtəlif oyunlar, bir sözlə, 500-ə yaxın maraqlı tədbir düzənlənmişdi. Beynəlxalq Çexov Teatr Festivalı iki gün ərzində Moskvada geniş bir küçə proqramı təqdim etdi.

Bundan başqa, iki gün ərzində Moskvada fəaliyyət göstərən muzey və sərgilərə giriş, eləcə də master klaslarda iştirak etmək pulsuz idi. Tədbirlər keçirilən məkanlarda bayram əhval-ruhiyyəsi özünü hər addımda büruzə verirdi.

Tədbirin ilk günü, yəni sentyabrın 8-i Moskva şəhərinin əsasının qoyulmasının 871-ci ildönümü şərəfinə xalq şənlikləri bayram atəşfəşanlığı ilə başa çatdı. Təxminən 5 dəqiqə davam edən atəşfəşanlıq şəhərin 30 meydanını əhatə etdi.  Keçirilən tədbirlər şəhər meriyasının saytında birbaşa yayımlanırdı.

Sentyabrın 9-da Qırmızı meydanda xüsusilə qələbəlik yaşanırdı. Meydanda xüsusi qurulmuş yerlərdə akrobatik oyunlar, müxtəlif tryuklar, idman yarışları, teatr tamaşaları, konsert proqramları nümayiş etdirilirdi. Yerli sakinlərlə yanaşı müxtəlif ölkələrdən olan turistlər bütün meydanı doldurmuşdu.

Onu da qeyd etmək yerinə düşər ki, iki gün ərzində yüz minlərlə insanın qatıldığı tədbirlərin keçirildiyi məkanlarda təhlükəsizlik yüksək səviyyədə təmin olunmuşdu.

Mehparə SULTANOVA
Moskva